Rusiya ciddi narahatlıq içindədir

Kreml Ermənistan ordusunun dağılması ilə barışa bilmir

"Məqsəd öz köləsini real ölümdən xilas etmək və erməni ordusunu yenidən dirçəltməkdir"


Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə Ermənistan Müdafiə naziri Vaqarşaq Arutyunyan arasında telefon danışığı olub. Sergey Şoyqu ilə erməni həmkarı arasındakı dialoqun kifayət qədər sərt keçdiyi deyilir. Erməni mediasının yazdığına görə, Şoyqu Arutyunyanı danlayıb və Ermənistan silahlı qüvvələri ətrafında gedən situasiyanı diqqətlə izlədiklərini Arutyunyanın diqqətinə çatdırıb. Rusiya müdafiə naziri Ermənistan ordusunun dağılmasına yol verməyəcəklərini vurğulayıb. Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyanın silahlı qüvvələrə qəsdi əslində Qərbin sifarişidir. Ermənistan müdafiə naziri rusiyalı həmkarını sakitləşdirməyə çalışaraq problemin orduda deyil, konkret olaraq Baş Qərargah rəisi Onik Qasparyan və onun ölkə rəhbərliyinə qarşı çıxışını dəstəkləyən hərbçilərdə olduğunu söyləyib. Sergey Şoyqu isə onunla razılaşmadığını bildirərək, Ermənistan ordusunun Rusiyanın bölgədəki maraqlarında böyük strateji əhəmiyyət daşıdığını vurğulayıb.



AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə açıqlamasında vurğulayıb ki, Rusiyanın Ermənistanın güclü qalmasında maraqlı olduğu hər kəsə bəllidir. Partiya rəhbərinin sözlərinə görə, bunun səbəbi Moskvanın erməniləri çox istəməsi, yaxud özlərinə yaxın müttəfiq sayması deyil:

“Rusiya Ermənistana sadiq köləsi kimi baxır və regiondakı bir çox işləri öz köləsi vasitəsi ilə reallaşdırır. Cənubi Qafqazı birbaşa Kremlin nəzarətində saxlayan ən mühüm amil vassal Ermənistandır. Rusiya uzun illər bu siyasətini Qarabağ münaqişəsi üzərindən yürüdürdü. Ona görə də erməni ordusunun zəiflədilməsinə imkan vermir və daim silahlandırırdı. Çünki status-kvonun Azərbaycanın xeyrinə həll olunmasını istəmirdi. Aydındır ki, Moskva münaqişənin həllində maraqlı və səmimi olsaydı, Ermənistanı silahlandırmaz və qısa zamanda problemi çözərdi.

Hətta Rusiya bu işə qarışmasa belə, siyasi-iqtisadi və hərbi baxımdan dəfərlərlə Ermənistandan güclü olan Azərbaycan öz gücü ilə düşməni sülhə məcbur edərdi. Kreml isə tərəflər arasında balansı təmin etməyə çalışdı. Lakin dövlətimiz böyük risk alaraq ötən il Vətən müharibəsinə başladı və 44 günlük qısa vaxtda Ermənistan ordusunu darmadağın etdi. Bundan sonra Rusiyanın regiondakı mövqeyi və xüsusən rəsmi Bakıya təsir imkanları zəiflədi. Düzdür, son anda müəyyən təxribatlarla öz “sülhməramlı” qüvvələrini Qarabağa yerləşdirməyə nail oldular. Amma orda da müddət və fəaliyyət istiqamətləri bəllidir. Yəni Rusiyanın manevr imkanları demək olar ki, yoxdur”.
 
T.Abbaslıya görə, Moskva Cənubi Qafqazdan tam uzaqlaşmamaq üçün Ermənistanın varlığını davam etdirməsində maraqlıdır:

“Kreml “Yerevanda baş verənlər ölkənin daxili işidir” desə də, Ermənistanda yaşananları diqqətlə izləyir, hətta proseslərə müdaxilə edir. Məqsəd öz köləsini real ölümdən xilas etmək və erməni ordusunu yenidən dirçəltməkdir. Son günlər Ermənistanın siyasi qüvvələri ilə hərbi dairələri arasındakı qarşıdurma Moskvanı ciddi narahat edir. Kreml rəsmiləri Yerevana zəng edərək açıq kontekstdə hökuməti danlayır və “yol göstərirlər”. Birbaşa bəyan edirlər ki, Kreml Ermənistan ordusunun dağılmasına imkan verməyəcək. Əsas qayə Rusiyanın regionda qalmasını təmin etməkdir. Ermənistanın güclənməsinin qarşısını almalı, ordunun formalaşmasının önünü kəsməliyik. Çünki düşmənin silahlı qüvvələrinin yeganə missiyası işğalçılıq və qonşulara təcavüz etməkdir. Rusiyanı əvvəlcə Ermənistandan, sonra Cənubi Qafqazdan çıxartmalıyıq. Əks təqdirdə Ermənistan regionun qara yarası və təhdid ocağı kimi qalmaqda davam edəcək”.