Qarabağda "sülməramlı" şəhərciyi: “Rusları saxlamaq istəyirlər” – Çıxarılsın! 

“Ona görə də Qarabağa köçürülən ermənilərin sayı süni surətdə artırılır, terrorçular silahlandırılır”

“Rusların ərazimizdə qalması bizim üçün real təhlükədir”

“Əslində Rusiya beynəlxalq hüquq normalarına zidd hərəkət edir”


Azərbaycanın Əsgəran rayonunda Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri 60 yerlik blok-modul şəhərciyi salıblar. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, bu, sülhməramlı kontingentin hərbi heyəti üçün tikilən sayca doqquzuncu şəhərcikdir. Ərazidə şəxsi heyətin rahat yaşayışı üçün lazımı şərait təmin edilib. Şəhərcikdə yeməkxana, hamam və camaşırxana məntəqələri fəaliyyət göstərir. Eyni zamanda şəhərcik enerji təchizatı, isitmə, su təchizatı, kanalizasiya və digər bütün zəruri komponentlərlə təchiz olunub.

Yaşayış yerlərinə mebel, məişət texnikaları yerləşdirilib, süni örtüklü idman zalı yaradılıb. Niyə?! Xeyirdimi?! Bir halda ki, beş ildən sonra çıxıb gedəcəklər, onda nəyə lazımdır bu qədər dəm-dəsgah, cah-cəlal?! Yəni Rusiyanın iqtisadiyyatı bu qədər güclüdür ki, pulunu verməyə yer tapmır?! Ya da planlar başqadır...



Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Sərdar Cəlaloğlu Kremlin məkrli siyasətini “Sherg.az”a şərh etdi:

 “Məqsəd rusları burada daha çox saxlamaqdır. Ona görə də Qarabağa köçürülən ermənilərin sayı süni surətdə artırılır, terrorçular silahlandırılır. Əlbəttə, Azərbaycan xalqı bunun qəti əleyhinədir.

Hökumət isə beynəlxalq məsələləri nəzərə alaraq hələ ki, dözümlülük nümayiş etdirir. Dediyim kimi, ruslar erməniləri 5 ildən sonra da Qarabağdan çıxarmaq istəmirlər.

Və ümumiyyətlə, sabitlik, sülhü təmin etmək fikirləri yoxdur. Əksinə, münaqişəni qızışdırıb Cənubi Qafqaz xalqlarının dinc yola getməsinin qarşısını almaq və region ölkələrinə nəzarət etmək istəyirlər”.

S.Cəlaloğlunun sözlərinə görə, belə bir təşəbbüs başından bəri qanunsuzdur: 

“Rusların ərazimizdə qalması bizim üçün real təhlükədir. Əslində Rusiya beynəlxalq hüquq normalarına zidd hərəkət edir. Çünki sülhməramlılar iki dövlət arasındakı münasibətləri tənzimləyə bilərlər.

Onların heç bir halda hansısa dövlətin daxili işinə qarışmaq ixtiyarları yoxdur. Moskva beynəlxalq hüquq normalarını pozmaqla, separatçıları dəstəkləməklə Azərbaycanın parçalanmasına çalışır. Ona görə də torpaqlarımızdan çıxarılmalıdırlar”.