Azərbaycan bəyanatın bütün şərtlərinə əməl edir

Ermənistanın mövqeyi nə olursa-olsun, reallıq dəyişməyəcək

"Zəngəzur dəhlizinin, Azərbaycanla Naxçıvanı birləşdirən kommunikasiya xəttinin çəkilişi üçtərəfli razılaşmada əksini tapıb"


Ötən ilin 10 noyabrında Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyanatın müddəalarının icrası prosesində müəyyən problemlər üzə çıxmaqdadır. Ələlxüsus, Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasını nəzərdə tutan 9-cu bəndlə bağlı düşmən tərəfin cığallığı açıq-aşkar görünür. Məlumdur ki, bəyanatın həmin müddəasının icrası məqsədilə üçtərəfli işçi qrupu yaradılıb, bir neçə dəfə görüş-müzakirələr keçirilib. Yanvarda baş nazir müavinlərinin iştirakı ilə keçirilən ilk iclasdan sonra bəlli oldu ki, Ermənistan tərəfi kommunikasiyaların açılması ilə bağlı nəzərdə tutulan addımları atmaqdan yayınır.

Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, tərəflər arasında əsas mübahisə mövzusu avtomobil və dəmir yolu xətlərinin keçəcəyi marşrutlarla bağlıdır. Yerevan hökuməti Azərbaycanla Naxçıvanın birləşməsi üçün Qazax-İcevan-İrəvan-Naxçıvan istiqamətindəki dəmir yolu xəttinin işə salınmasını istəyir. Azərbaycan isə daha qısa və sərfəli Zəngilan-Mehri-Naxçıvan marşrutuna üstünlük verir.

Zəngəzur marşrutu dəhliz statusu almaqla, Rusiya tərəfinin müdafiəsi altına düşəcək. Rusiyanın təhlükəsizliyinə təminat verdiyi dəhlizin fəaliyyətinə Ermənistan heç vaxt mane ola bilməyəcək. 

Ümumiyyətlə, rəsmi Bakının Zəngəzur dəhlizi məsələsindən geri addım atmaq fikri yoxdur. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir” sözləri ilə rəsmi Bakının bu məsələdə nə qədər qərarlı olduğunu sübut etdi. Ermənistanda elə bir təsəvvür var ki, Azərbaycanın Zəngəzurla bağlı mövqeyi sadəcə, Yerevanı qorxutmaq məqsədi daşıyır. Reallıq isə tam fərqlidir.

Cənab Prezidentin dediyi kimi, Ermənistan bunu istəsə də, istəməsə də, Zəngəzur dəhlizi açılacaq: “Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”. Dövlət başçısı qeyd edib ki, bizim əsas rəqibimiz zamandır, çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir: “Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq”. 

Təbii ki, indi beynəlxalq vəziyyət tam fərqlidir. Zəngəzur bu gün Ermənistanın ərazi bütövlüyü kimi tanınır. Lakin bu, nə Zəngəzurun tarixi Azərbaycan torpağı olduğu, nə də gec-tez azərbaycanlıların bu ərazilərə qayıdacağı gerçəyini dəyişir. Bu gün Ermənistanda bəzi ultra-millətçi siyasətçilər xəstə fikirləri ilə erməni ictimaiyyətində qorxu yaradırlar ki, guya, Azərbaycan Prezidenti Zəngəzuru hərbi yolla işğal etmək istəyir.

Halbuki, Azərbaycan diplomatik olaraq Zəngəzura qayıdır. 10 noyabr bəyanatında qeyd olunan Zəngəzur dəhlizinin açılması faktiki olaraq bizə bu imkanı verir. Təsadüfi deyil ki, ölkə başçısı da çıxışında bu məqama diqqət çəkib: “Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”. Yəni bu o deməkdir ki, Ermənistan 10 noyabr bəyanatında əksini tapan Zəngəzur dəhlizi məsələsində süni problemlər yaratmasın. Bu dəhliz onsuz da istifadəyə veriləcək. Ölkə rəhbəri əlavə edib ki, yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir: “İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlayıb. Bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq. Artıq cədvəl üzrə işlər gedir”. 

Prezident Ermənistandan səslənən revanşist çağırışlara da cavab verib və diqqətə çatdırıb ki, bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik:

“Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcək. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. İmkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir. Bununla paralel olaraq, biz əməkdaşlığa da hazırıq - baxmayaraq ki, Ermənistan azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törədib, bütün tarixi, dini abidələrimiz dağıdılıb, amma biz gələcəyə baxmalıyıq”. 

Ermənistan Baş naziri Nikol Paşinyan son çıxışlarında Azərbaycan və Türkiyə ilə əməkdaşlığın ölkənin xilası üçün yeganə qurtuluş yolu olduğunu dolayı yolla etiraf edib. Rəsmi Bakı və Ankara ilə əlaqələrin, təmas nöqtələrinin tapılmasının vacibliyini bildirib. Görünür, müharibədən sonra yaranmış reallıq Ehmənistan baş nazirinin gözünü açıb. Baş nazir dərk edir ki, ölkə fəlakətlə üz-üzə qalıb və bunun əsas səbəbi diktə ilə yürüdülən siyasət, “Qarabağ kartı”ndan işğal, bəhanə, ya da şəxsi məqsədlər üçün istifadə edilməsidir. Eyni zamanda, onu da anlayır ki, çıxış yolu həm də Ermənistanın çürük ideologiyasından əl çəkməsidir. Ermənistanın bir dövlət kimi regionda siyasi və iqtisadi blokadadan çıxmasının, uçurumdan xilas olmasının bir yolu var. O da qonşu Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdır. 

Beynəlxalq münaqişələr üzrə ekspert, rusiyalı politoloq Vitali Arkov bildirib ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirir. Onun sözlərinə görə, Bakı sadəcə Ermənistan məmurlarının və deputatlarının, həmçinin xarici siyasətçilərin Azərbaycan ərazilərinə səfərlərinin razılaşdırılmasını tələb edir və bu, tamamilə məntiqlidir:

“Amma göründüyü kimi, Ermənistan yenə də “öz repertuarındadır”. Bu ölkə öz öhdəliklərinin yerinə yetirilməsini istənilən bəhanə ilə uzadır və Azərbaycana Naxçıvanla yerüstü dəhlizin formalaşdırılmasına imkan vermir. Amma buna qarşı çıxan ermənilər anlamırlar ki, bu, Yerevana strateji tərəfdaşları olan Rusiya və İranla dəmir yolu əlaqələri əldə etməyə imkan verəcək. Axı bu, boğulan Ermənistan iqtisadiyyatının dirçəldilməsi üçün ciddi impuls olacaq”. 

Bu arada Türkiyənin Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin inşasının başlandığını elan edib. Nazir vurğulayıb ki, Naxçıvanı Azərbaycana birləşdirəcək avtomobil yolunun tikintisi gedir: “Yolun inşasının dekabr ayında yekunlaşdırılması planlaşdırılıb, lakin daha tez başa çatacağı gözləntiləri var. Avtomobil yolu başa çatdıqdan sonra dəmiryolunun inşası həyata keçiriləcək. Dəmir yolu layihəsinin hazırlanması üzərində iş gedir”. 

Sabiq baş nazir, AXP sədri Pənah Hüseyn “Şərq TV”-yə açıqlamasında bildirib ki, Ermənistan tərəfdə Azərbaycanın Zəngəzura qarşı hərbi təcavüzə hazırlaşması istiqamətində hay-küy qaldırılır. Partiya rəhbəri bildirib ki, 10 noyabr üçtərəfli bəyanatının və Zəngəzur dəhlizinin açılması ilə bağlı məlum müddəanın altında Rusiya prezidentinin imzası var. Ermənistanın mövqeyi nə olursa-olsun, bu, heç nəyi dəyişmir: “Çünki Zəngəzur dəhlizinin, Azərbaycanla Naxçıvanı birləşdirən kommunikasiya xəttinin çəkilişi üçtərəfli razılaşmada əksini tapıb. Ona görə də bu məsələ əsas etibarı ilə Rusiyaya qarşı yönəlməlidir. Məhz Moskva Zəngəzur dəhlizi ilə bağlı təminatçı kimi çıxış etməlidir. Türkiyənin Nəqliyyat Nazirliyi səviyyəsində avtomobil yolunun çəkilişinin başlandığını əks etdirən məlumat verildi. Böyük ehtimalla bu yol Türkiyə ilə Naxçıvan arasında çəkilir. Amma Ermənistan daxilində bu məsələyə münasibət ikilidir. Düzdür, ermənilər birbaşa “Zəngəzur dəhlizi” ifadəsini işlətmirlər. Bəyanatda belə ifadə yer almasa da, kommunikasiyaların açılması fonunda Azərbaycanın qərb rayonları ilə Naxçıvanın quru yolu ilə birləşdirilməsindən söhbət gedir. Ermənistan müxalifəti buna qarşı çıxır və Baş nazir Nikol Paşinyanın əleyhinə təbliğat aparır. Yerevan hökuməti birbaşa “Zəngəzur dəhlizi” sözünü işlətməsə də, məsələnin reallaşmasında maraqlı görünür. Çünki birbaşa həmin bəndin pozulması bütövlükdə digər müddəaları da şübhə altına alır. O halda vəziyyət dəyişə bilər. Lakin bu, Azərbaycanın Ermənistanın tanınmış sərhədlərindən içəri zorla daxil olması kimi başa düşülməməlidir”. 

Millət vəkili Anar Məmmədov da “Şərq”ə deyib ki, Zəngəzur dəhlizi regionun sülh qarantına çevriləcək. Deputat vurğulayıb ki, qədim Zəngəzurun qapıları uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açılacaq:

“Əməkdaşlıq və nəqliyyat baxımından Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sənədlər arasında ən mühüm element hesab edilir. Azərbaycan tərəfi bölgədə davamlı sülhün bərqərar edilməsini əməkdaşlıqda görür. Buna görə də Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir. Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir damarı açılacaq. Bu da bölgə ölkələri arasında iqtisadi və ticarət əlaqələrinə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu əldə edəcək ki, bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək. Bu dəhlizin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq. Bu, Ermənistan da daxil olmaqla bütün regional ölkələrin maraqlarına xidmət edir. Ermənistanda başa düşməlidirlər ki, Zəngəzur dəhlizi bu ölkənin illər boyunca yoluxdurulduğu dağıdıcılıq xəstəliyindən qurtulmasında, aclıq və səfalətdən xilas olmasında xüsusi rol oynayacaq”.