Ermənilər sinirə bilmirlər

Zəngəzurun Azərbaycana qaytarılması gündəmin mövzusudur

"Belə məqamda ermənilərdən hər cür təxribatı gözləmək mümkündür. Başqa məkrli niyyətləri də ola bilər"


Aprel ayının 21-də Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, axşam saatlarında Zəngilan rayonunun Seyidlər kəndində yerləşən DSX bölmələri, eləcə də Rusiya Sərhəd Xidmətinin hərbçilərinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub. Hadisə ilə bağlı Rusiya sərhədçiləri azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirib və hadisəyə reaksiya verilməməsini xahiş edib. Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilmiş və cavab atəşi açılmayıb. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilib.

Eyni zamanda, həmin gün Qubadlı rayonunun Şurnux kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndiriblər. Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirib ki, bu cür təxribat halları gələcəkdə bir daha təkrarlandığı halda tərəfimizdən ən kəskin cavab tədbirləri görüləcək.

Erməni təxribatı ilə bağlı “Şərq”ə fikirlərini bölüşən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, həmin ərazidə gərginlik hökm sürür. QAT rəhbəri vurğulayıb ki, son vaxtlar Zəngəzurun Azərbaycana qaytarılması söhbəti Ermənistanda geniş müzakirə olunmaqdadır:

“1927-ci ildə Mehri-Nüvədi ərazisi qeyri-qanuni olaraq Ermənistana verilib. Hazırda Mehri-Nüvədi xəttinin Azərbaycanın nəzarəti altına keçəcəyi deyilir. Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları da göstərdi ki, rəsmi Bakı sözügedən ərazilərin Zəngəzur dəhlizi adı ilə geri qaytarılmasında israrlıdır. Hətta bu istiqamətdə zor tətbiq etməyə belə hazırıq. Dəhliz məsələsi Ermənistan tərəfdə çox ciddi qıcıq və narahatlıq doğurur, region əhalisinin narazılığına səbəb olur. Hətta bölgədə o qədər gərginlik var ki, Baş nazir Nikol Paşinyan ora səfər etmək məcburiyyətində qaldı”.

A.Nağı vurğulayıb ki, hiddətlənmiş ermənilər baş nazirə etiraz etdilər, insident yarandı, həbslər oldu:

“Oradakı gərginliyin kökündə Zəngəzur bölgəsinin Azərbaycana qaytarılması ilə bağlı gedən söhbətlər durur. Ermənilər bunun gec-tez baş verəcəyini dərk edirlər, çünki Rusiyanın da mövqeyi bu yöndədir. Ona görə də müxtəlif formalarda müqavimət göstərməyə çalışırlar, emosiyalarını gizlədə bilmirlər. Təbii ki, belə məqamda ermənilərdən hər cür təxribatı gözləmək mümkündür. Başqa məkrli niyyətləri də ola bilər. İstənilən halda məsuliyyət Rusiyanın üzərinə düşür. Bu cür təxribatların qarşısını ilk növbədə Rusiya almalıdır. Ermənilərin “içkili olması” yalandır və rusların bəhanəsidir. Qarşıdakı günlərdə bu cür hadisələrin təkrarlanacağı ehtimalı var. Bu dəfə bağışladıq, amma davamlı olarsa, cavabımız çox sərt olmalıdır”.