Araikin ağası Paşinyan yox, Putindir

"Moskva uşağı" rolunu canla-başla yerinə yetirməyə çalışır


Xankəndidə cəmləşmiş erməni separatçılarının başçısı Araik Arutyunyanın bir neçə dəfə Moskvaya çağırılması sıradan hadisə deyil. “Hraparak” qəzetinin yazdığı məqaləyə əsaslansaq, sözügedən səfər heç də könüllü xarakter daşımır. Nəşrin bildirdiyinə görə, Arutyunyanı Moskvaya həm xəbərdarlıq etmək üçün, həm də təlimatlandırmaq üçün çağırıblar. Maraqlıdır, söhbət hansı xəbərdarlıqdan və ya təlimatlardan gedir? Separatçının Kremlə dəvət almasının məntiqli səbəbi ola bilərmi? 

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə açıqlamasında bildirib ki, Moskva son vaxtlar Araik Arutyunyanın “müstəqil” siyasət yürütməyə və öz addımlarını rəsmi İrəvanla, konkret desək, Nikol Paşinyanın direktivləri ilə uyğunlaşdırmağa çalışmasından narazıdır. Bu isə heç şübhəsiz ki, Moskvanın Ermənistan hərbçilərinin Qarabağdan çıxarılacağından sonrakı dövrə aid hazırladığı planlarla daban-dabana ziddir:

“Moskva bununla açıq-aşkar Ermənistanın Dağlıq Qarabağda hərbi varlığının bitməsindən sonrakı dövrə hazırlaşdığını nümayiş etdirir. Arutyunyana da başa salmaq istəyirlər ki, Moskvanın Dağlıq Qarabağda “ikihakimiyyətliliyə” dözmək fikri yoxdur. Yəqin ki, Araikə açıq mətnlə deyiblər ki, “sənin ağan Paşinyan yox, Putindir və sən bundan sonra İrəvanın yox, Moskvanın göstərişlərinə əməl etməlisən”. Böyük ehtimalla Moskvada Arutyunyanla Rusiya xüsusi xidmət orqanlarının görüşləri, məxfi söhbətləri məhz bu “senari” üzrə cərəyan edib”. 

Partiya rəhbəri bildirib ki, Rusiya Cənubi Qafqazda mövcudluğunu davam etdirmək üçün Qarabağa nəzarət imkanlarını nəyin bahasına olursa-olsun öz əlində saxlamağa çalışır:

“Bu, Rusiya üçün ölüm-dirim məsələsidir. İndi Rusiyanın gələcək taleyi əsasən iki geopolitik vektor üzrə həll olunmaqdadır. Bunun biri Qarabağ, digəri isə Donbassdır. Rusiyanın hazırda hər iki bölgəyə nəzarət uğrunda maksimum canfəşanlıq göstərməsi də məhz bundan qaynaqlanır. Rusiya Dağlıq Qarabağı öz nəzarət sferasında saxlamaq planlarını ilk növbədə bölgədəki “Moskva uşaqları”nın əliylə həyata keçirmək istəyir. Hazırda Xankəndidə “Moskva uşağı” rolunu canla-başla yerinə yetirməyə hazır olan ən potensial namizədlər - Araik Arutyunyan və Vitali Balasanyandır. Moskva öz oyunlarını hələlik bu iki şəxsin üzərindən gerçəkləşdirməyə üstünlük verir. Araikin təcili qaydada  Moskvaya çağırılması da ilk növbədə bununla əlaqədardır”. 
Politoloq vurğulayıb ki, Moskva Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağı təqdirdə, Qarabağ məsələsinin birdəfəlik həll olunacağını və beləliklə Rusiyanın “oyundankənar” vəziyyətdə qalacağını başa düşür: “44 günlük müharibədən sonra A.Arutyunyan Moskvaya bir neçə dəfə gizli səfər etməsi bununla bağlıdır.  Ancaq Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən barəsində cinayət işi açılmış bir separatçının Rusiyanın paytaxtına bu cür rahat-rahat səfər etməsi və orada görüşlər keçirməsi ortaya bir sıra suallar da çıxarır. Moskvanın sözügedən separatçının sərbəst gediş-gəlişinə şərait yaratmasının Rusiyanın sülhməramlılıq və vasitəçilik missiyasına zidd olduğunu Kreml rəhbərliyi başa düşürmü? Bu adam kim olaraq, nə qismində, hansı statusda Moskvaya dəvət edilir? Biz bu suallara Mariya Zaxarova və Peskovdan yox, birbaşa Lavrovun özündən və Kreml rəhbərindən cavab istəyirik. Çünki bütün bu oyunlar, bu planlar onların “beyin məhsulu”dur”. 

Ə.Hüseynov qeyd edib ki, Moskvanın Qarabağdakı separatçılarla bağlı hansısa oyunlar qurduğu göz qabağındadır və Kreml rəhbərliyi bütün bunlara aydınlıq gətirməlidir:

“Heç kim rəsmi Bakının Rusiyanın bu hərəkətlərinə sonsuza qədər təmkinlə yanaşacağını düşünməsin. Azərbaycanın səbrinin limiti var. Azərbaycanın separatçılığa qarşı mübarizə apardığı bir məqamda Rusiyanın separatçılığı körükləməsi, separatçılarını başçısını “bəsləməsi” anlaşılan deyil. Rusiyanın bu addımları 10 noyabr Bəyanatının müddəalarına ziddir. Əlbəttə, Rusiya ilə yaxın dostluq və qonşuluq münasibətlərinin, sıx iqtisadi və mədəni əlaqələrin tərəfdarıyıq. Lakin Rusiyadan da Azərbaycana qarşı eyni münasibətin göstərilməsini, müttəfiqlik münasibətlərimizə hörmətlə yanaşılmasını gözləməyə haqqımız var. Azərbaycan Qarabağ üzərindən oyunlar oynanılmasını yox, 10 noyabr razılaşmasının şərtlərinin vaxtında və vicdanla yerinə yetirilməsini istəyir”.