Ermənistanın son şansıdır

Prezident Zəngilandan son və qəti xəbərdarlığını etdi


“Müzəffər Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri icra edir. Eyni zamanda, sərhədçilərimiz hazırda işğaldan azad edilən ərazilərdə Azərbaycan-Ermənistan sərhədini də qoruyur”. Bu barədə Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı Azərbaycan-İran sərhədində Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışından sonra sərhədçilərlə görüşündə bildirib.

Dövlət başçısı Ermənistanda baş qaldıran revanşist qüvvələrin yenə də Azərbaycana qarşı ərazi iddiası irəli sürdüyünü deyib və düşmənə sərt şəkildə xəbərdarlıq edib: “Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq. Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib. Bizim Silahlı Qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində Zəfər çaldılar. Sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm. Təsadüfi deyil ki, bir çox hərbçilər dövlətimizin yüksək orden və medalları ilə təltif ediliblər”.

Millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu “Şərq”ə bildirib ki, ermənisayaq revanşizm olduqca təhlükəlidir. Deputatın sözlərinə görə, Azərbaycan revanşistlərin başını “Dəmir yumruq”la əzməyə həmişə hazır olmalıdır:

“Təsadüfi deyil ki, Prezident İlham Əliyev daima öz çıxışlarında Azərbaycanın və dünyanın ictimai diqqətini bu məsələyə çəkir və revanşistlərə qəti xəbərdarlıq edir.

Hamıya aydındır ki, Ermənistanda belə qüvvələr var və onlar tək deyillər. Çünki revanşizmi xaricdən dəstəkləyən güc mərkəzləri də var. Əgər belə olmasaydı, müzəffər Azərbaycan Ordusu tərəfindən darmadağın edilən, faktiki olaraq diz çökdürülən  ermənilər revanşizmə cəhd edəcək cəsarəti özlərində tapa bilməzdilər.

Elə Zəngilan rayonunun Seyidlər kəndi istiqamətində bizim sərhəd qoşunlarımıza atəş açılması da bunun təzahürüdür. Prezident ermənilərin bu alçaq hərəkətinə Zəngilandan, orada xidməti istifadəyə açılan sərhəd zastavasından cavab verdi. Əslində bu cavabdan daha çox son və qəti xəbərdarlıq idi. Xəbərdarlıq ermənilərlə bərabər onların havadarlarına da edildi. Düşmənin necə məhv edildiyini ermənilər çox yaxşı bilirlər.

44 günlük müharibədə bunu əyani şəkildə gördülər və tarixləri boyu unutmayacaqları dərs aldılar. Əgər yeni dərs istəmirlərsə, bənzər təxribatlara son qoysunlar”.