Bakı diplomatik masada uğura çox yaxındır

Yeni sənədin imzalanması ilə Azərbaycan və Ermənistan bir-birlərinin sərhədini tanıyacaq

"Sərhədlərin delimitasiyası ilə Qazaxın 7 və Naxçıvanın Kərki kəndinin də azad edilməsi reallaşa bilər"


Azərbaycan, Ermənistan və Rusiya arasında yeni üçtərəfli razılaşmanın imzalanacağı ilə bağlı yayılan məlumat gündəmin əsas müzakirə predmetinə çevrilib. Müqavilənin sürətinin mətbuata sızdırılması Ermənistanda ciddi rezonans doğurub. Erməni mediasının yazdığına görə, yeni sənəd sərhədlərin tanınması və Naxçıvanla Qazaxın işğal altındakı kəndlərinin Azərbaycana qaytarılmasını nəzərdə tutur. İmzalanması planlaşdırılan sənədə Rusiya da mövqe bildirib.
Putinin mətbuat katibi Dmitri Peskov söyləyib ki, belə təsadüfi məlumatlara təmkinli yanaşmaq və yalnız rəsmi mənbələrə inanmaq lazımdır: “Çünki bu çox kövrək substansiyadır və vəziyyətin nizamlanması üçün çox ciddi səylər göstərilir”. Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Prezident Armen Sarkisyanla görüşüb və delimitasiya ətrafında başlayan rəylərə fikir bildiriblər.

Vurğulanıb ki, ilkin şərtlər olacağı halda bu istiqamətdə müzakirələrin başlanması mümkündür. Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini icra edən Ara Ayvazyan isə sənəd barədə Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirlər Şurasının iclasında olduğu zaman öyrənib. Onun müavini Avet Adonts daha əvvəl Gorusda olduğu zaman jurnalistlərə bildirib ki, XİN-in hazırlanan yeni sənəddən xəbəri yoxdur. Nazirlik baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın davranışından son dərəcə narazıdır. Nəşr yazır ki, Ayvazyan və onun müavini istefa barədə düşünür.

“Qraparak”ın iddiasına görə, Düşənbədə Ayvazyan öz həmkarları ilə sağollaşarkən onlara bildirib ki, Yerevana çatan kimi istefa ərizəsini yazacaq. Ermənistan hökuməti isə onun istefasının qarşısını almağa çalışır. Paşinyanın XİN-lə bağlı son reveranslarının buna hesablandığı deyilir. O, son çıxışında nazirliyin böyük diplomatik işlər gördüyünü bildirmişdi.

Məlumata əsasən, Paşinyan sənəd barədə danışıqları diplomatik korpusdan xəbərsiz aparıb. Paşinyan Ermənistan hökumətinin iclasında bildirib ki, bu sənəd 100 faiz Ermənistanın maraqlarına cavab verir. O əlavə edib ki, “əgər Azərbaycan öz razılığını versə, onda o, bu sənədi imzalayacaq”. 

Politoloq Azər Rəşidoğlu “Şərq”ə vurğulayıb ki, yeni sənəddə hansı müddəaların yer aldığı yalnız ehtimal edilə bilər. Analitikə görə, hələ bu barədə ictimaiyyətə məlumat verilməyib:

“Prezident İlham Əliyev də bəyan etdi ki, Qarabağın statusu ilə bağlı heç bir məsələ müzakirə predmeti ola bilməz. Lakin ölkə başçısı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı təqdirdə bu ölkənin ərazi bütövlüyünü tanıyacağını bildirdi. Əslində, Azərbaycan çevik diplomatik mübarizə xətti seçib və Qarabağ münaqişəsini gündəmdən çıxarıb. Sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı sənədin imzalanması ilə Azərbaycan və Ermənistan bir-birinin dövlət sərhədini tanıya bilər. Bakı diplomatik masada da uğura yaxındır. Prezident İrəvan qarşısında şərt qoydu ki, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi rəsmən tanısın. Xankəndi və digər ərazilərdə qalmış erməni qoşunlarını çıxartsın”. 

A.Rəşidoğlu vurğulayıb ki, Bakı digər müstəvidə də uğur əldə edə bilər:

“Sərhədlərin delimitasiyası ilə Qazaxın 7 və Naxçıvanın Kərki kəndinin də azad edilməsi reallaşa bilər. Paşinyan bilir ki, Ermənistan ordusu darmadağın olub və Azərbaycana qarşı hərbi müstəvidə duruş gətirə bilməz. Hərbi cəhətdən fiaskoya uğrayan Ermənistan yeni sənədi imzalamaqla gələcək təhlükəsizliyini qorumaq istəyir. Sarkisyan, Koçaryan, Mnatsakanyanın hay-küyünə baxmayaraq, yeni sənədin imzalanmasından başqa yolun qalmadığını bilirlər. Sadəcə seçki öncəsi Paşinyana təzyiq edirlər”.