Bakının istəyi Brüsseli proseslərdə ən azı neytrallaşdırmaqdır - ŞƏRH

“Rəsmi Bakı müdafiə sənayesi də daxil olmaqla müxtəlif məsələlərdə əməkdaşlığa açıqdır”.

Bunu “Sherg.az” açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. 

Ekspert bildirib ki, Co Bayden Administrasiyası Azərbaycana silah satışını qadağan edən 907-ci düzəlişi bu il də dondurulmuş vəziyyətdə saxladı: 

“Dövlət başçısı İlham Əliyev “müdafiə sənayesində əməkdaşlıq” təklifi ilə incə manevr etdi. Əgər Vaşinqton bu təklifi qəbul edərsə və Azərbaycana silah satarsa, Birinci Qarabağ müharibəsi dövründə qəbul edilən məlum düzəliş əhəmiyyətini itirəcək və ABŞ münaqişənin həll edildiyi reallığını qəbul edəcək. Bakı bu sərfəli təklif fonunda Vaşinqtonu münaqişənin həllindən sonrakı dövrdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə dəvət edir. Bununla, münaqişənin həll edildiyi reallığı növbəti dəfə vurğulanır”.

Analitik vurğulayıb ki, Prezident İlham Əliyev Avropa İttifaqı ilə daha fəal əməkdaşlıqda maraqlı olduğunu da bildirdi: 

“Bu, növbətçi çağırış deyil. Aİ-dən Ermənistana müəyyən dəstək çağırışlarının edilməsi fonunda Bakının istəyi Brüsseli proseslərdə ən azı neytrallaşdırmaqdır. Bu mesajın baş nazir Əli Əsədov Moskvada olarkən verilməsi xüsusilə əhəmiyyətlidir. Bakı Qərbə Rusiya ilə münasibətlərində məsafəli olduğunu göstərir. Buna paralel olaraq, Moskvaya alternativ yollarının mövcudluğu mesajını verir. Prezident Azərbaycan-İsrail münasibətlərinin inkişaf etməsindən də danışdı. Burada iki amil var. Birincisi, İsrail-Fələstin müharibəsinə və Azərbaycanın Qüds məsələsində BMT qətnamələrini dəstəkləməyinə baxmayaraq, İsraillə əməkdaşlığa davam edəcək, son toqquşmalardan sonra Bakı bunu yenidən təsdiqləyir. İkincisi, Ermənistana dəstək verən və Təl-Əvivlə münasibətlərinə görə Bakıya qarşı çağırışlar edən İrana kontr-cavabdır”.