Erməni hərbçilərin İrana qaçması doğru xəbərdir

Xəbərin erməni mediasında indi yayılması təsadüfi deyil

"Erməni tərəfi Zərifin gəlişi öncəsi Azərbaycanı qıcıqlandırmağa çalışır"


“Hraparak” qəzeti məlumat yayıb ki, Ermənistan Silahlı Qüvvələrinin təxminən 160 əsgəri İran ərazisindədir. Əlbəttə ki, söhbət Qarabağ müharibəsi zamanı erməni ordusunun qonşu ölkənin ərazisinə hərbi təcavüzündən getmir. Məsələ ötən il Qarabağdakı 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun zərbələrindən qorxaraq İrana qaçan bir qrup erməni hərbçi ilə bağlıdır. Nəşrin yazdığına əsasən, İranın onları hansı statusda saxladığı məlum deyil. Qeyd olunub ki, İrana sığınan erməni əsgərləri ilə bağlı məsələ bu yaxınlarda İslam Respublikasının yüksək rütbəli hərbi personalından ibarət nümayəndə heyətinin Ermənistana səfəri zamanı müzakirə edilib.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Gevorq Altunyan “Hraparak”ın sorğusuna cavabında “Müdafiə Nazirliyinin bu mövzuda şərh vermədiyini” deyib. Nazirliyin İrana qaçan 160 hərbçi barədə məlumatı təkzib etməməsi məlumatın etibarlılığından xəbər verir. 17 mayda Ermənistan Prezidenti Armen Sarkisyan axtarışda olan 5000-dən çox fərarini və 124 məhkumu bağışladı. İrandakı 160 “erməni miqrant”ın bu siyahılara daxil olub-olmaması məlum deyil. Xatırladaq ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov da İrəvanın itkin düşmüş əsgərlərinin siyahısını açıqlaya bilmədiyini açıq mətnlə bəyan edib. 

İranın Ermənistandakı səfirliyi isə bəyanat yayaraq, 160 erməni hərbçisinin İran ərazisində olması xəbərinin həqiqəti əks etdirmədiyini deyib. 

Siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, bu cür informasiyalar heç də təsadüfdən yayılmır. Ekspert xatırladıb ki, 44 günlük müharibə zamanı Azərbaycan Ordusu İranla sərhəd ərazilərini düşməndən azad edərkən erməni silahlılarının İrana keçməsini əks etdirən videolar yayılmışdı:

“Güneyli soydaşlarımız bu faktı sübut edən videogörüntülər paylaşmışdılar. Müharibə zamanı bir qrup erməni hərbçinin İrana qaçması doğru xəbərdir. Amma erməni mediasının məhz indi bu cür məlumatı tirajlamsı boş yerə deyil. Ermənistan tərəfi belə informasiyalarla İranın hər məqamda İrəvanın yanında olduğunu nümayiş etdirmək istəyir.

İranın savaş dövründə ermənilərə dəstəyi hamımıza məlumdur. Lakin dövlətlərarası münasibətlərdə əbədi kin saxlamaq, düşmənçilik etmək qəbuledilməzdir.

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycan və Ermənistana səfəri baş tutacaq. XİN rəhbərinin səfəri ərəfəsində bu kimi xəbərlərin ortaya atılması müəyyən məqsədlərə xidmət edir. Erməni tərəfi Zərifin gəlişi öncəsi Azərbaycanı qıcıqlandırmağa çalışır.

“İran yanımızdadır, sizin isə düşməninizdir” fikri formalaşdıraraq onsuz da soyuq olan Bakı-Tehran münasibətlərini daha da gərginləşdirmək istəyirlər. Amma rəsmi Bakı öz siyasətini müəyyən qüvvələrin təhriki ilə deyil, düşünülmüş və balanslı xətt üzrə həyata keçirir”.