"Onlar ölkədə siyasətçilərin girovuna çevrilmək istəmirlər"
Son bir neçə ay ərzində Ermənistandan çıxan və geri qayıtmayan vətəndaşların sayı kəskin şəkildə artıb. Bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Koçaryan deyib. Onun sözlərinə görə, son 4 ay ərzində miqrasiyanın mənfi saldosu 80 min nəfər təşkil edib: “Bənzər göstəricilər Ermənistanda 90-cı illərin əvvəllərində olub. Bunun adı artıq depopulyasiyadır, qaçmaqdır.
Bu o deməkdir ki, bu hakimiyyətə etibar etmirlər. Vəziyyəti dəyişdirməyin yeganə yolu hakimiyyətin dəyişməsidir”. 44 günlük müharibədən sonrakı mərhələdə Ermənistandakı miqrasiyanın daha geniş vüsət aldığı bəllidir. Acınacaqlı durumda olan və getdikcə uçuruma yuvarlanan ölkədə aclıq, səfalət içində ömür sürən ermənilər xaricə üz tuturlar. Ekspertlərin fikrincə, indiki halda Koçaryanın seçki öncəsi bu reallığı dilə gətirməsi sırf rəqibi Paşinyanın nüfuzunu azaltmaq, səs faizini aşağı salmaq məqsədi daşıyır.
BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, ermənilərin Ermənistandan qaçması faktı yeni məsələ deyil. On illərdir ermənilər ölkəni tərk edirlər. Son aylar isə bu proses kütləvi hal alıb:
“Ermənilər bu hərəkətləri ilə öz ölkələrinin gələcək perspektivinin olmadığını sübut edirlər. Bu əslində reallıqdır və getdikcə artacağı gözlənilən acı faktdır. Seçki öncəsi bu faktdan Koçaryanın Paşinyan əleyhinə istifadə etmək cəhdi mənasız və məqsədlidir. Erməni cəmiyyətinin “günün birində müharibə olacaq” qorxusu ilə Ermənistandan qaçması faktının kökündə müharibəni uduzan hakimiyyətin səriştəsizliyindən daha çox saxta erməni ideoloqlarının uydurmaları durur.
Yəni bu gün ermənilər ölkəni kütləvi tərk edirlərsə, bunun əsas səbəbi “Ermənistanın sonu yoxdur” reallığı və bu reallığı artıran keçmiş erməni idarəçilərinin fəaliyyətidir.
Erməni cəmiyyətində az da olsa mövcud olan normal düşüncəli ermənilər soydaşlarının aqibətini paylaşmamaq üçün yeganə çıxış yolunu Ermənistanı tərk etməkdə görürlər. Onlar ölkədə siyasətçilərin girovuna çevrilmək istəmirlər. Erməni xalqının rifahı qonşuları ilə dinc münasibətlərin qurulmasından keçir. Bunu nə qədər tez anlasalar, bir o qədər yox olmaq təhlükəsindən azad olacaqlar”.