KTMT-nin Əfqanıstandakı proseslərə müdaxiləsi mümkün deyil
Əfqanıstanda vəziyyət çox sürətlə pisləşir. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskvanın KTMT-dəki öhdəliklərinin tam qüvvədə qaldığını vurğulayaraq deyib ki, Moskva Tacikistan-Əfqanıstan sərhədindəki hərbi bazasından istifadə də daxil olmaqla, KTMT-dəki müttəfiqlərinə qarşı təcavüzü dayandırmaq üçün hər şeyi edəcək. XİN rəhbəri KTMT nümayəndələrinin artıq sərhəd bölgəsini ziyarət etdiklərini bildirib. Maraqlıdır, KTMT hansı hallarda Əfqanıstandakı proseslərə müdaxilə edə bilər?
Sualımızı cavablandıran siyasi-şərhçi Turan Rzayev "Şərq"ə açıqlamasında vurğulayıb ki, ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxmasının ardınca Türkiyənin hərbi qüvvələrinin bu ölkədə qalacağı açıqlandı. Politoloq qeyd edib ki, lakin bununla belə ABŞ və NATO-nun yoxluğundan "Taliban" son zamanlar çox sürətlə istifadə edir:
"Artıq "Taliban" ard-arda bir neçə rayona nəzarəti ələ keçirib. Əfqanıstandakı proses yeni geosiyasi vəziyyətin yaranmasına gətirib çıxarır. Xüsusilə də bu geosiyasətin Mərkəzi Asiya ilə bağlı olduğunu demək mümkündür. Məsələ ondadır ki, ABŞ Çinin "Bir kəmər, bir yol" layihəsinin qarşısını almaq üçün Əfqanıstanda "Taliban"dan istifadə etməyi düşünür. Yəni "Taliban"a Əfqanıstanı güzəştə gedərək Talibanın mövcud radikal islamçı qüvvələrini və ideoloqlarını Mərkəzi Asiyaya, türk dövlətlərində eyni zamanda Çinin Uyğur, Sincal vilayətində istifadə etməyə çalışır. Bununla ABŞ türk ölkələrinin, həmçinin KTMT ölkəsi olan türk ölkələrinin, eyni zamanda Çinin daxilindəki müsəlman uyğurları radikal islamçılığa göndərərək Çinin "Bir kəmər, bir yol" layihəsinin qarşısını almağa çalışır. Təbii ki, proseslərdən Rusiya xəbərdardır. Rusiya tərəfi bir müddət idi ki, səssizliyini qorumuşdu. Xüsusilə də Qırğızıstan-Tacikistan sərhədində baş verən hadisələrin fonunda biz bunu gördük. Lakin indi başa düşmək olur ki, Rusiyanın bu səssizliyi sadəcə prosesi müşahidə etmək və prosesin real vəziyyətini, yəni nəyi ehtiva etdiyini anlamaq üçün hesablanmışdı. Bildiyiniz kimi, Əfqanıstan məsələsi Rusiya üçün çox həssas mövzudur. Çünki Əfqanıstan eyni zamanda Mərkəzi Asiyanın qapısı hesab olunur. Yəni bu ölkədən Mərkəzi Asiyaya müdaxilə edilməsi çox rahatdır. Buna görə də Rusiya KTMT-nin üzərinə düşərək, xüsusilə Mərkəzi Asiya ölkələrinin yaxın müddət ərzində baş nazirlər səviyyəsində bir görüş keçirməyi də planlaşdırır".
T.Rzayev əlavə edib ki, KTMT-dən Əfqanıstana hər hansısa müdaxilə ediləcəyini düşünmürəm:
"Çünki Rusiya Əfqanıstanda, daha doğrusu, SSRİ Əfqanıstanda bir dəfə çox pis məğlubiyyətə uğradı. Və bu məğlubiyyətin cəzasını onlar SSRİ-nin dağılması ilə ödədilər. İndiki halda da Qərbin və ABŞ-ın iqtisadi sanksiyaları Rusiya iqtisadiyyatına ciddi zərər vurub. İqtisadi baxımdan zəifləyən Rusiyanın indiki halda belə bir aktiv hərbi toqquşmaya girməsi mümkün deyil. Düzdür, təkcə Rusiya deyil, digər ölkələr də birbaşa Əfqanıstana müdaxilə eləmək və "Taliban"la burada mübarizə aparması real səslənmir. Çünki Rusiyanın indiki halda belə bir hərbi əməliyyat üçün kifayət qədər hərbi büdcəsi yoxdur. Bu, Liviya, Suriya deyil. Bura Əfqanıstandır. Əfqanıstan isə bataqlıq kimi bir yerdir. Yəni Əfqanıstan bir dəfə bataqlığında SSRİ-ni məhv etdi, ikinci dəfə də Rusiya buna bənzər sonluğa düşə bilər. Yəni əgər KTMT Əfqanıstana müdaxilə edərsə, SSRİ-nin başına gələn onun da başına gələcək. Yəni KTMT burada pis məğlubiyyətə uğraya bilər. Rusiya da bunu yaxşı bilir. Buna görə də ilkin olaraq Qırğızıstan və Tacikistan sərhədində KTMT qüvvələri cəmləşdiriləcək. Buradan Mərkəzi Asiyaya keçmək istəyən "Taliban"ın ideoloqları və militanlarının qarşısı alınacaq. Diqqət etsəniz son günlərdə ABŞ tərəfi Əfqanıstandakı 4-5 minə yaxın qaçqının Mərkəzi Asiya ölkələrinə keçirilməsi istəyini bildirib. Burda səbəb aydındır. ABŞ istənilən variantda "Taliban"ın ideoloqlarını və militanlarını Mərkəzi Asiyaya keçirmək və burada özü üçün radikal islamçılığı ayağa qaldırmaq istəyir. Yəni deyə bilərik ki, situasiyada, yəni Mərkəzi Asiya baharının şahidi ola bilərik. Hətta biz onu Mərkəzi Asiya xəzanı belə adlandıra bilərik" .
Analitik diqqətə çatdırıb ki, əgər KTMT-də lazımi tədbirlər alınmasa payıza doğru biz artıq Mərkəzi Asiyada radikal islamçılığın yüksəlməsini görə bilərik:
"Təbii ki, belə hal baş verəcəyi təqdirdə onun arxasında "Taliban" və dəstəkçi ABŞ duracaq. Belə qənaətə gələ bilərik ki, Rusiyanın Əfqanıstana indiki halda müdaxiləsi mümkün deyil. Bəs KTMT Əfqanıstandakı proseslərə müdaxilə edə bilərmi? Onun da indiki halda müdaxilə etməsi mümkün deyil. Çünki indiki halda KTMT ölkələri kağız üzərində ittifaq olsa da hələ ki, onun lokal bir müharibədə iştirak etməsini müşahidə etməmişik".