Paşinyan generallarla “haqq-hesabı çürüdür”:“Proses Xaçaturovdan başlandı”

Ermənistan Prezidenti Armen Sarkisyan Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun komandanı, general-mayor Qriqori Xaçaturovun tutduğu vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı dövlət başçısının mətbuat xidməti yayıb. Ermənistan konstitusiyasına əsasən, prezident baş nazirin təqdimatı ilə Silahlı Qüvvələrin ali komandanlığını təyin və tutduğu vəzifədən azad edir.

Q.Xaçaturov 2020-ci il noyabrın 11-də tutduğu vəzifədən istefa verdiyini bildirmişdi. Sonrakı dövrdə o, Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı çıxışlar etməyə başlamışdı. Bundan sonra Q.Xaçaturov barəsində cinayət işi başlamışdı.

Hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a açıqlamasında bunun gözlənilən olduğunu bildirdi: 

“O, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturovun oğludur.

Yuri Xaçaturov qurumun baş katibi olduğu vaxt vəzifəsindən kənarlaşdırılmış və həbs edilmişdi. Bu proses ciddi ajiotaj yaratmışdı. Çünki indiyədək oxşar hadisə yaşanmayıb.

Fikrimcə, general-mayor Qriqori Xaçaturov Paşinyana qarşı çıxan hərbçilərdə olub. Seçkilər ərəfəsində mən proqnoz vermişdim ki, Paşinyan qalib gəlsə, həmin generallarla “haqq-hesabı çürüdəcək”. Elə də oldu. Və proses Xaçaturovdan başlandı.

Fikrimcə, həmin generalın korpus komandiri olduğu ölkənin Qərb bölgəsinəki insident və bir erməni əsgərinin yaralanması Paşinyanın Xaçaturova qarşı nifrətinin məntiqi yekunu üçün imkan yaratdı”.