Baş nazirin oyunu uzun sürməyəcək

Moskvada gec-tez üçtərəfli görüş baş tutacaq

Sadəcə olaraq Paşinyan sərhəd məsələsində Moskvanın daha çox dəstək göstərməsini istəyir


“Rusiya Zabitləri” ekspertlər şurasının üzvü Aleksandr Perenciyev Ermənistan tərəfinin sərhəddə təxribat yaratdıqlarını deyib. Perenciyev qeyd edib ki, Ermənistan Azərbaycan ərazisini atəşə tutmaqla bu ölkənin əsas hissəsini Naxçıvanla birləşdirməli olan Zəngəzur dəhlizinin yaranmasının qarşısını alır. Ekspert Ermənistan rəhbərliyinin yalnız özləri üçün deyil, həm də sərhəd zonasında təhlükəsizliyi təmin etməli olan Rusiya sülhməramlıları üçün də risk yaratdığını bildirib. Onun sözlərinə görə, İrəvanın bu cür hərəkətləri Rusiyanı Azərbaycanla münaqişəyə sürükləmək cəhdidir. Belə bir yekun Rusiyanın milli maraqlarına ziddir”. 

Eyni zamanda ekspert əlavə edib ki, demarkasiyanın gecikməsi yalnız müharibə zamanı itirilmiş əraziləri geri almaq istəyindən əl çəkmək istəməyən erməni “revanşistləri” üçün faydalıdır. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə bildirib ki, Rusiyanın siyasi və ekspert müstəvisində Paşinyana etimad zəifdir. Analitikə görə, Moskvada bəzi dairələr Paşinyanın sərhəd məsələsində hansısa təxribat törədə biləcəyini istisna etmirlər:

“Bu cür fikirlər də məhz o səbəbdən qaynaqlanır. Əslində, Paşinyanın üçtərəfli bəyanatların icrasında, sərhəd məsələsində təxribat niyyətində olduğu bəllidir. Lakin baş nazirin öz istəklərinə nail olub-olmayacağı sual altındadır. Fikrimcə, Paşinyan məcburi də olsa dərk edir ki, Rusiyanın imza atdığı üçtərəfli sazişlər icra olunmalı, sərhədlərin delimitasiyası başa çatdırılmalıdır. Sadəcə, Paşinyan prosesdən daha qazanclı çıxmaq istəyir. Burada Qərbin Paşinyandan istək və tələbləri də mühüm rol oynayır. Qərb Paşinyana dəstəyin əvəzində uzaq düşdüyü Cənubi Qafqaz bölgəsinə yenidən qayıtmaq istəyir. Ona görə də həm Qərb ölkələri, həm də Paşinyan Minsk qrupu formatını gündəmə gətirir. ABŞ və Avropa ölkələri anlayırlar ki, sərhəd məsələsinin çözülməsi üçün ikitərəfli anlaşma əsas şərtdir. Paşinyanın ikili oyunu hiss olunur. Baş nazir həm Rusiya, həm də Qərblə iş görür. Qərbin çağırışlarını gündəmə gətirməklə Amerika və Avropadan aldığı dəstəyi itirməməyə çalışır. Digər tərəfdən Moskvanı şantaj edir ki, əgər Rusiya ona dəstək verməsə, başqa alternativlərə baş vuracaq. Paşinyan sərhəd məsələsində Moskvanın daha çox dəstək göstərməsini istəyir. Sərhəd xəttində mütəmadi baş verən təxribatların da məqsədi budur. Ümumiyyətlə, may ayından sonra İrəvanın əsas məsələsi sərhədlərlə bağlıdır. Ermənistan anlayır ki, artıq Qarabağ məsələsi bitib və yenidən nəsə etmək mənasızdır. Ona görə də əsas diqqəti sərhədə yönəldir və müxtəlif formalarda Moskvaya təsir göstərməyə, Rusiyanın boynuna “öhdəlik” qoymağa səy göstərir. Lakin göründüyü kimi Moskva açıq tərəf olmaqdan və birbaşa dəstəkdən imtina edir. Çünki bu cür addımın Azərbaycanla münasibətlərə mənfi təsir göstərəcəyinin fərqindədir”. 

A.Nərimanlı vurğulayıb ki, Rusiya İrəvanın istədiyi kimi davranmağı qəbul edərsə, obyektiv vasitəçilik missiyası şübhə altına düşəcək:

“Həmçinin, Rusiyanın tərəf olması Türkiyənin Azərbaycanın yanında yenidən aktiv rol almasına yol açacaq. Bu da Rusiya və Türkiyənin qarşı-qarşıya gəlməsi deməkdir və Qərbdə hazırlanmış plan hesab olunur. Paşinyan Moskvaya gələrək sərhəd məsələsində yekun sazişə qol atacağına özü də şübhə etmir. Amma baş nazir üçün əsas məsələ məsuliyyətin bölüşdürülməsidir. Sabah hansısa narazılıqda suçu Rusiyaya atacaq və deyəcək ki, günahkar Moskvadır.

Yəni Paşinyanın bugünkü hərəkətləri öz siyasi ambisiyalarını qorumağa, özünü sığortalamağa hesablanıb. Çox güman ki, Paşinyan öz komandasını formalaşdırdıqdan sonra Moskvada üçtərəfli görüş baş tutacaq”.