Qərb də, Rusiya da fərqindədir

Türkiyə regionun mühüm oyunçusuna çevrilir

Bölgədə elə proseslər baş verir ki, siyasi müstəvidə kimin hansı gedişləri edəcəyini təxmin etmək qəlizləşir

Ankaranın Bakıdan sonra Gürcüstanla əlaqələrini gücləndirməsi Kremli narahat etməyə bilməz

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar baş tutub. Tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Baş nazir İrakli Qaribaşvili deyib ki, Gürcüstan Qafqaz regionunda uzunmüddətli sülh və sabitlik üçün sülhməramlı funksiyasını yerinə yetirməyə hazırdır. Qaribaşvilinin sözlərinə görə, Gürcüstanın əsas məqsədi regionda sülh və sabitliyi qorumaqdır. 

Məlum olduğu kimi rəsmi Tiflis ABŞ-ın dəstəyi ilə Bakı və İrəvan arasında humanitar məsələlərlə bağlı bir dəfə vasitəçilik edib. Bu missiyanı yenidən davam etdirmək niyyətindədir. Bölgədə Rusiyanın vasitəçiliyinə Gürcüstanın alternativ olması ABŞ-ın da istəyinə uyğundur. Bu, rusların qarşısında alternativ qazanmaq baxımından Bakıya da, İrəvana da sərf edir. Hər iki ölkənin lideri Azərbaycanın 15 erməni əsgərini minalanmış sahələrin xəritələri qarşılığında Ermənistana verməsi məsələsinə də toxunublar. Qaribaşvili və Ərdoğan bu mübadilənin “qonşular arasında əməkdaşlıq üçün yaxşı bir təməl olduğunu” qeyd ediblər. Mühüm məqamlardan biri də Gürcüstanın “Altılıq platforması”na cəlb edilməsi ilə bağlıdır. Rəsmi Tiflis Rusiya amilinə görə, platformadan uzaq dayanır. Lakin Ərdoğanın Qaribaşviliyə platformaya qoşulacaqları təqdirdə qazana biləcəkləri dividendləri izah etməsi istisna edilmir. Ekspertlərin fikrincə, Gürcüstanın bölgədəki proseslərdən kənarda durmaması, daha doğrusu, Bakı-Ankara orbitində qalması regional platformaya qoşulması üçün qapıların aralı saxlanılması baxımından əhəmiyyətlidir. 

Politoloq Azər Rəşidoğlu “Şərq”ə açıqlamasında vurğulayıb ki, Azərbaycan və Gürcüstan NATO-ya daha açıq ölkələr kimi səciyyələndirilir. Lakin ekspertə görə, bölgədə elə proseslər baş verir ki, siyasi müstəvidə kimin hansı gedişləri edəcəyini təxmin etmək qəlizləşir:

 “Rusiya və Qərb tərəfindən təzyiqlərlə üzləşən Azərbaycan yeni “xilas kəməri” axtarışındadır. Son vaxtlar bu missiyanı qonşu Türkiyə oynamağa başlayıb. Türkiyə bölgədə möhkəmlənmək üçün Cənubi Qafqaza nəzarəti ələ keçirmək istəyir. 44 günlük savaşın nəticələri də buna imkan yaradır. Gürcüstanla münasibətlərdə ciddi böhran yaşamayan Ankara İrəvanla əməkdaşlığı istisna etmir. Türkiyə bölgədə əməkdaşlığın əsas vektorunun Türkiyə-Azərbaycan, Türkiyə-Gürcüstan münasibətləri olduğunu yaxşı anlayır. Cənubi Qafqazdakı etnik münaqişələr SSRİ-nin dağılmasına səbəb olub. Odur ki, bölgə dünya üçün önəmli bir məkana çevrilib. Regionun mühüm oyunçusu kimi Türkiyə proseslərə daha fəal müdaxilə etmək niyyətini gizlətmir”. 
A.Rəşidoğlunun sözlərinə gərə, Türkiyənin Cənubi Qafqazda rolu xeyli artıb: “Azərbaycan və Gürcüstanın hərbi təhsil sisteminin NATO standartlarına uyğunlaşdırılmasından ibarət olan hərbi kadr hazırlığında Ankaranın fəallığını xüsusilə qeyd etmək lazımdır. Ankaranın fəallığı Türkiyənin bölgədə güc mərkəzinə çevrilməsinə imkan verir. Formalaşan hərbi alyansın postsovet məkanında öz maraqlarının müdafiəsi üçün açıq-aşkar hərbi alətdən istifadə edən Rusiyaya qarşı yönəldiyini hesab edənlər az deyil. Türkiyənin Cənubi Qafqazdakı tərəfdaşları ilə inkişaf edən hərbi əməkdaşlığına, Bakı və Tiflisin NATO ilə genişlənən münasibətlərinə Qərb və Rusiya neytral izləyici timsalında yanaşır. Çünki NATO-nun planları bir sıra hallarda Türkiyə ilə ziddiyyət təşkil edir. Bu mərhələdə Ankaranın rolu NATO-nun rəqibi olan Moskvanı qane etməyə bilməz”.

Siyasi şərhçinin qənaətincə, Rusiyanın cənub sərhədlərində Ankara və Moskva əməkdaşlığı da aktuallığını artırıb: 

“Moskvanın səssiz razılığı olmadan Türkiyə-Azərbaycan-Gürcüstan arasında üçtərəfli hərbi format yaratmaq imkansız olardı.  Digər tərəfdən, Rusiya və NATO-nun regionda status-kvosunun müvəqqəti xarakter daşıması ehtimalı azdır. Rusiya İranın nüvə proqramı üzrə danışıqlarda konstruktiv iştirak edir. Marşrutların diversifikasiyası vasitəsilə Avropanın enerji təhlükəsizliyi sistemini formalaşdırır. 

Rusiyanın qlobal iqtisadiyyata cəlb olunması prosesinin sürətləndirilməsi təhlükəsizlik sahəsində Kremlin Qərblə əməkdaşlığını vacib edir. Yəni Moskva Qərb qarşısında geri çəkilmək məcburiyyətində qalır. Bakı da bu şansdan istifadə etmək istəyir. Proseslərin belə inkişafı İrəvana da sərf edir.

  Ermənistanın gələcəyi Bakı, Ankara və Qərblə əməkdaşlıqdan asılıdır. Bəhs etdiyiniz formatın reallaşması mümkündür”.

İsmayıl Qocayev