Bakıda dəmir yollarının təhkim zolaqları tullantılardan təmizlənib

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı Şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində dəmir yollarının təhkim zolaqlarını məişət tullantılarından təmizləyib.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, Sabunçu rayonunun Zabrat və Kürdəxanı qəsəbələrində dəmir yolları və onlara yaxın ərazilər müxtəlif növ məişət tullantılarından təmizlənib və nəticədə həm dəmir yolu infrastrukturunun, həm də ətraf ərazilərin ekoloji vəziyyəti yaxşılaşdırılıb.
Təmizlənmiş ərazilərin yenidən sakinlər tərəfindən çirkləndirilməsi ehtimalını nəzərə alaraq təhkim zolaqlarının müəyyən hissələrində maarifləndirici plakatların yerləşdirilməsi planlaşdırılır. Bu plakatlar vasitəsilə əhalini tullantıların düzgün idarə edilməsi və ətraf mühitin qorunmasına dəvət etmək məqsədilə məlumatlandırma kampaniyası aparılacaq.
ADY-nin davamlı inkişaf strategiyasının bir hissəsi olaraq təmizlik işləri müntəzəm əsasda aparılır.
Ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər şirkətin fundamental dəyərlərindən biri olan dayanıqlılıq çərçivəsində həyata keçirilir. ADY-nin ekoloji, sosial və idarəetmə (ESG) prinsiplərinə sadiqliyi dəmir yollarının dayanıqlı inkişafının təməlini təşkil edir. Bu prinsiplər ADY-nin ekoloji məsuliyyətini artırır və dəmir yollarının yaşıl gələcəyə töhfə verməsini təmin edir.
Dəmir yolları ölkəmizin ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində qlobal təşəbbüslərində aktiv tərəfdaş olmaq üçün səy göstərir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə baş tutacaq dünya səviyyəli COP29 iqlim tədbirində bir çox mövzularla yanaşı, nəqliyyat sektorunun iqlim dəyişikliyi ilə mübarizədəki rolu da müzakirə olunacaq.
ADY-nin ekoloji təmiz qatar və texnologiyalardan istifadəsi, həmçinin ətraf mühitin qorunması istiqamətində tədbirləri ilə nəqliyyat sektorunda dayanıqlı inkişafı təşviq etməyə və qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə töhfə verməyə davam edəcək.