Müxalifətin anonsları özünü doğrultdu

Rusiyada seçki sisteminin saxtalaşdırılmasının ən asan yolu elektron səsvermə idi

Bütün etirazlara baxmayaraq Rusiyada seçkilərin təkrar keçiriləcəyi real deyil


Rusiyada Dövlət Dumasına seçkilərin nəticələri müxaliflər, xüsusən Kommunist Partiyası tərəfindən boykot edilməkdədir. Bir qrup müstəqil bələdiyyə və region deputatı saysız qanun pozuntularına görə, 17-19 sentyabr seçkisinin nəticələrinin ləğvini tələb edən petisiyaya start veriblər. Seçkiləri detallı təhlil etməklə tanınan rusiyalı tədqiqatçı Sergey Şpilkin deyib ki, Dövlət Dumasına seçkidə hakim Vahid Rusiya partiyasının qələbəsi saxtakarlıq sayəsində mümkün olub. 

Onun sözlərinə görə, səsvermədə manipulyasiya olmasaydı, Kremlin dəstəklədiyi Vahid Rusiya Partiyası Mərkəzi Seçki Komissiyasının açıqladığı kimi 50 faizə yaxın yox, 31-33 faiz səs yığardı. Həbsdə olan müxalifətçi Aleksey Navalnının təbliğ etdiyi alternativ səsvermə tətbiqinə hökumətin təzyiqi, onu şəbəkələrdən sildirməsi və digər məsələlər də Duma seçkisinin nəticələrinə şübhələri artırıb. Ən ciddi narazılıq isə elektron səsvermə ilə bağlı olub. Elektron sistemlə səslərin nəticələri elan olunanadək dairələrin əksərində müxaliflərin səsləri üstün olub. Lakin elektron nəticələr əlavə edildikdən sonra vəziyyət hakim partiyanın xeyrinə dəyişib. Həmçinin elektron bülletenlərin sayında da problemlərin olduğu bildirilib. Rusiyanin Kommunist Partiyası səsvermənin nəticələrini tanımaqdan imtina edib. Seçkilərə müşahidəni həyata keçirən qərargahdan Moskva şəhərində elektron formada verilən səslərin yenidən sayılacağı bildirilib. Bununla bağlı texniki qrup da yaradılıb. Hətta elektron səsvermənin ləğvi və 27 sentyabradək yenidən ənənəvi formada səsvermənin keçirilməsi də təklif olunub. 

Rusiyada Dumaya keçirilən seçkilərlə bağlı narazılığı “Şərq”ə şərh edən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, seçki prosesinin elektron formada olacağı elan ediləndən sonra problemlərin ortaya çıxacağı bəlli idi. Siyasi şərhçiyə görə, Rusiyada seçki sisteminin saxtalaşdırılmasının ən asan yolu elektron səsvermə idi: 

“Seçkidə iştirak edən partiyaların anonsları özünü doğrultdu. Fikrimcə, seçki sisteminin son anda elektron səsvermə ilə keçirilməsinə səs vermək hakimiyyətdaxili qrupların Putinə tələ qurmasıdır. Seçkinin bu formada keçirilməsinin digər partiyalar tərəfindən narazılıqla qarşılanacağı əvvəlcədən məlum olduğu üçün Putin xəstəlikdən qorunmaq adı ilə bunkerə qapandı. Narazılıq nəticəsində ölkədaxili müxalif qrupların aktivləşməsinə zəmin yaradıldı. Həm siyasi, həm də ordu rəhbərliyinin yuxarı eşalonunda və hərbi sənaye kompleksində Putinə qarşı qüvvələrin olduğu hamıya məlumdur. Bu vəziyyətdə Kreml rəhbərinin hansı addım atacağı maraq doğurur”.

A.Qasımov seçkilərin təkrar keçiriləcəyinə inanmadığını deyib:

“Təkrar seçki sistemə olan münasibəti dünya ictimaiyyəti qarşısında zəiflədər, heçə endirər. Xırda düzəlişlərlə seçkinin nəticələrinin qalacağı qənaətindəyəm. Kommunist və ya Liberal demokratların qalib gəldiyi seçki nəticələrinin rus xalqı üçün ciddi xeyir gətirməyəcəyini düşünürəm. Rus xalqı ən azı Putinin rəhbərlik etdiyi partiyanın idarəçiliyi altında illərdir sakit həyat yaşayır”. 

İsmayıl Qocayev