Professordan xəbərdarlıq! - Təxribat gözlənilir: “Moskva “dirijor” ola bilər”

«İran “skripkanın ilk simi” olmasa da, provokasiyaya bilavasitə dəstək verə bilər »

«Bundan sonra “fake nyus”lar yayılacaq. Ən ciddi informasiya təxribatına isə məhz Rusiyanın Müdafiə Nazirliyinin rəsmi səhifəsində rast gəlinir »

“Sherg.az” olaraq bu barədə BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi şərhçi Qulu Məhərrəmli ilə söhbətləşdik:

- Provokasiya ehtimalı nə qədərdir?

- İndiki həssas məqamda növbəti müharibənin başlanması real deyil. Amma hər cür təxribat mümkündür. Çünki Qarabağda Azərbaycanın nəzarət etmədiyi qüvvələr var. Bunlar sülhməramlılar və separatçılardırlar. Onlar hər şey edə bilələr. Bununla belə, potensial təxribat Azərbaycan üçün ciddi qorxu vəd etmir. Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil. Ordumuz bütün sabotajlara qarşı preventiv addım atmağa hazırdır. Üstəgəl, sərhəddə ciddi nəzarət və müşahidə var. Sadəcə biz hərbi və diplomatik fəaliyyəti uzlaşdırmalı, mümkün təxribatlardan yayınmalıyıq.

- Mümkün provokasiyaların Rusiyadan idarə olunması barədə nə düşünürsünüz?

- Ola bilər. Çünki regionda sabitlik İran və Ermənistan kimi Rusiyada da sərf etmir. Düzdür, Qarabağda sülhməramlılarla separatçılar arasında təxribat qaçılmazdır. Amma hazırkı situasiyada Moskva sabotajın “dirijoru” ola bilər.

- Bəs İran?

- Cənub qonşumuzdan Qarabağa müxtəlif yüklərin daşındığı məlumdur. Rəsmi Tehran həmin yüklərin ərzaq və yanacaq olduğunu deyir. İranın potensial təxribatda birbaşa iştirakçı olacağına inanmıram. Artıq yüklərin ciddi yoxlanıldığını, İranın Qarabağdakı imkanlarının xeyli zəiflədiyini nəzərə almaq lazımdır. Lakin İran “skripkanın ilk simi” olmasa da, provokasiyaya bilavasitə dəstək verə bilər.

- Məlumdur ki, Ermənistan dara düşən kimi ictimai rəyi çaşdırmaqdan ötrü dezinformasiyalar yayır. Həmin “fənd”ə bu dəfə də əl atması mümkündür?

- Əlbəttə. Ümumiyyətlə, informasiya pozuculuğu fəaliyyəti ara vermir və davam edir. Bundan sonra “fake nyus”lar yayılacaq. Ən ciddi informasiya təxribatına isə məhz Rusiyanın Müdafiə Nazirliyinin rəsmi səhifəsində rast gəlinir. Və əslində bu, gözləniləndir.

- Bəs qarşısı necə alınmalıdır?

- Müvafiq qurumlar diqqətli olmalıdır.  Qabaqlayıcı tədbirlər görən texnologiya barədə düşünmək lazımdır və təsir mexanizmləri yaradılmalıdır.

Kənan Novruzov