Dostluqdan, qardaşlıqdan, ortaq dəyərlərdən dəm vurur

İran səfiri hər gün erməni rəsmilərinin qapısını döyür

“İranın Ermənistan üzərindən Azərbaycana qarşı qıcıqlandırıcı addımları davam edir”. Bu sözləri siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Ekspert bildirib ki, İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zohuri hər gün bir erməni rəsmisinin qapısını döyür: “Zohuri keçirdiyi görüşlərlə bağlı məlumatların həm İran, həm də Ermənistan mediasında geniş şəkildə yayımlanmasına, təbliğ olunmasına çalışır. 

Ötən gün yenə boş dayanmayıb, Ermənistan baş nazirinin müavini Suren Papikyanın hüzuruna gedib. Vaxtilə işğal etdikləri Azərbaycan ərazilərindəki məscidlərdə donuz saxlayan bir ölkənin baş nazirinin müavini ilə görüşdə dostluqdan, qardaşlıqdan, ortaq dəyərlərdən dəm vuran səfir Zohuri Gorus-Qafan yolu ilə bağlı dərdini də danışıb. “Ortaq tarixi və mədəni dəyərlərin daşıyıcıları” alternativ yollardan, yeni layihələrdən söz açıblar. Hətta Şimal-Cənub dəhlizinin Qarakilsə (Sisian) - Gecalan (Qacaran) hissəsində görüləcək işlərdən bəhs ediblər. Məlum olduğu kimi Şimal-Cənub dəhlizinin təməli 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib. Göründüyü kimi bu ölkələrin arasında Ermənistanın adı yoxdur. Digər tərəfdən, dəhlizin hər hansı bir marşrutunun Ermənistan ərazisindən keçməsi nəzərdə tutulmayıb”. 

E.Mirzəbəyli qeyd edib ki, səfirlə baş nazirin müavini müxtəlif iqtisadi layihələrlə bağlı müzakirələrdən sonra ən vacib məsələdən - Qara dəniz beynəlxalq nəqliyyat dəhlizindən də danışıblar: 

“Dəhlizin əhəmiyyətini vurğulayıblar. Görünür, Qara dəniz sularında üzəcək erməni donanması barədə fikir mübadiləsi aparmağa vaxtları çatmayıb. Ya da bu məlumatı məxfi saxlamaq qərarına gəliblər”.