Soçidəki anlaşma İran üçün ciddi itkilər deməkdir-AKTUAL ŞƏRH

“Müharibədən sonra Ermənistana, ümumilikdə Cənubi Qafqaza çıxışı böyük ölçüdə Bakının təsirinə düşən İran üçün Zəngəzur xətti “nəfəslik” rolunu oynayırdı”.

Bu barədə “Sherg.az”a siyasi şərhçi Asif Nərimanlı deyib.

Analitik bildirib ki, Bakının Gorus-Qafan yolunda praktiki tədbirləri bu “nəfəsliyi” bağladı: 

“İran anladı ki, Zəngəzur dəhlizinin reallaşması uzansa belə, Azərbaycanın əlində cari dövr üçün güclü rıçaqlar var. Tehran Gorus-Qafan yolunda maneələri aradan qaldırması üçün “güc nümayişi” ilə Bakını məcbur etməyə çalışır. Digər tərəfdən Ərdoğan və Putinin Soçidə anlaşması İranın Cənubi Qafqazda sıxışdırılmasına, son kartının (Ermənistan) da əlindən çıxmasına gətirib çıxaracaq. Yaxın Şərqdə məzhəbçilik üzərindən qurduğu strategiyaya zərbə vuracaq. Bakının əlini gücləndirəcək. Hərbi təlimlərə Soçi görüşündən sonra yenidən start verilməsi də bundan qaynaqlanır. Ərdoğan ABŞ səfərinin sonunda Putinlə “anlaşmağa gedirəm” dedi. İdlib, Zəngəzur dəhlizi, “altılıq platforması”, Ermənistanla münasibətlərin normalaşması kimi anonslar verdi. Dövlət başçısı İlham Əliyev Rusiya mediasına müsahibəsində Moskva ilə hərbi texniki əməkdaşlığın davam etdiriləcəyini bildirdi və Bakının istəklərini açıqladı. İran üçün Soçidə mümkün anlaşma ciddi itkilər deməkdir. Ona görə də Soçi görüşündən öncə hücuma keçdi. Azərbaycan daxilində “dindar qruplar” hərəkətə gətirildi. Bunlar Bakıya “xəbərdarlıq” idi, əslində İranın Ankara və Moskvaya təsir rıçaqları zəif olduğu üçün əlindəki ən “unikal” imkanı xərcləyir”. 

A.Nərimanlıya görə, Ermənistan kartının İranın əlindən çıxması Tehranın bölgədə Bakı-Ankara ikilisinin təsirinə düşməsi perspektivini gücləndirir: 

“İran səfirinin Ermənistanın XİN rəhbəri ilə görüşü, Gorus-Qafan yolundakı vəziyyəti və çəkilən altetnativ yolu müzakirə etməsi Tehranın İrəvanı əlində saxlamaq üçün bütün vasitələrdən istifadə etdiyini göstərir. Görüşdən iki gün sonra İran quru qoşunları Azərbaycanla sərhəddə təlimlərinə start verdi. Hədəf Bakıya təzyiq, Bakı üzərindən Ankaraya mesaj, Moskvaya “bölgədə mənim də maraqlarım var” siqnalının verilməsi, Zəngəzur dəhlizinin önünü kəsmək olaraq görünür.
Lakin İranın Azərbaycana hücumunda bir vacib detal var: - “sionistlərə qarşı mübarizə” iddiası. İran XİN Azərbaycan Prezidentinin müsahibəsinə cavab olaraq, “İran öz sərhədlərinin yaxınlığında sionist rejiminin mövcudluğuna dözməyəcək və öz milli təhlükəsizliyinin təminatı üçün bütün lazımi addımları atacaq” cavabını verdi. İranın sərhəddəki təlimləri tarixdə yəhudilərə qarşı qələbəyə istinadən “Xeybər fatehləri” adlandırıldı. Hədəfi Ermənistan kartını və Zəngəzur çıxışını əlində saxlamaq olan İran niyə “sionist təhlükəsi” üzərindən oynayır?! Hər-halda bu qədər gedişlər bir “camış fermasına” görə deyil. Proseslər təhlükəli məcraya keçir”.