Bölgənin gələcəyində İranın adı keçmir

Tehranın Moskvadan əsl istəyi bəllidir 

Zəngəzur dəhlizinin qarşısını almaq, İranın bölgədə statusunu aydınlaşdırmaqdır

"İranın son ümidi Putin-Paşinyan görüşünə qədərdir. Hərçənd, nəticə hasil etmək çətin görünür"

Məlum olduğu kimi İranın Xarici işlər naziri Hüseyin Əmir Abdullahian Rusiyaya gedib. O, Rusiya XİN rəhbəri Sergey Lavrovun dəvəti əsasında bu səfəri reallaşdırıb. Səfər çərçivəsində Moskvada Sergey Lavrovla iranlı həmkarı arasında görüş keçirilib. Lavrov bildirib ki, Rusiya regionda hərbi fəallığın artırılmasının əleyhinədir. 

Onun sözlərinə görə, Azərbaycan tərəfinin də İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi ilə bağlı narahatlığı var. Rusiya XİN başçısı onu da xatırladıb ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya Xəzər dənizində xarici dövlətlərin hərbi qüvvələrinin mövcudluğunu qadağan edir. İranlı həmkarı ilə görüşdə Konvensiyanın tezliklə qüvvəyə minməsinin vacibliyini vurğulayan Lavrov əlavə edib ki, Konvensiyanın qüvvəyə minməsi üçün İran sənədi ratifikasiya etməlidir: 

“Hazırda bu məsələyə İran parlamentində baxılır. Ümid edirəm ki, ratifikasiya haqqında qərar tezliklə qəbul ediləcək. O zaman Konvensiya Xəzər dənizində müvafiq rejimini təmin edəcək tam beynəlxalq hüquqi sənəd olacaq”. Rusiya xarici işlər naziri əlavə edib ki, bölgədə “3+3” formatının yaradılması mühümdür və bu formatda Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə təmsil olunacaqlar: “Məhz Moskva Qarabağda münaqişənin dayandırılması, Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri səviyyəsində üçtərəfli sazişin imzalanması üçün həlledici rol oynayıb. Bu sazişə uyğun olaraq regionda rusiyalı sülhməramlı kontingent yerləşdirilib. Birgə bəyanatda regionda bütün iqtisadi əlaqələrin, nəqliyyat kommunikasiyalarının açılması üzrə işlər də daxil olmaqla tənzimləmə üzrə birgə addımları müəyyən edən prinsiplər yer alır. Bu məsələdə təkcə Azərbaycan və Ermənistan deyil, həm də Gürcüstan qazanclı çıxacaq. Bundan həm də qonşu respublikalar qismində İran, Rusiya və Türkiyə də faydalanacaq. Biz bu gün üç Qafqaz ölkəsi və üç qonşu, Rusiya, İran və Türkiyənin iştirakı ilə "3+3" formatının yaradılması təşəbbüsünü müzakirə etmişik”. 
Xatırladaq ki, İranın XİN rəhbəri Moskvadan öncə İrəvanda səfərdə olub. 

Tehranın məhz indiki məqamda rusların qapısını döyməsini “Şərq”ə dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı deyib ki, İran rəsmisi Cənubi Qafqazda statuslarının nədən ibarət olacağını anlamaq üçün son məkana üz tutub: 

“Abdullahian Moskvada jurnalistlərə açıqlamasında bildirib ki, “Tehran Moskvadan regionda “sionistlər və terrorçular”ın mövcudluğuna reaksiya gözləyir”. İsrailin bölgədə mövcudluğunu iddia edən İranın “terrorçular” açıqlamasının iki mənası var. Birincisi, mümkün müdaxiləyə əsas yaratmaq məqsədilə beynəlxalq siyasətdə artıq ənənəyə çevrilən “təhlükəyə” istinad edir. İkincisi, “terrorçular” ifadəsi burada Türkiyə və Pakistana işarədir. Tehranın Moskvadan əsl istəyi də bəllidir: Zəngəzur dəhlizinin qarşısını almaq, İranın bölgədə statusunu aydınlaşdırmaqdır. Abdullahianın “Rusiya regionda sərhədlərin mümkün dəyişikliyinə həssas reaksiya verəcək” açıqlamasında da niyyət etiraf olunur. İran Zəngəzur dəhlizi ilə yanaşı, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasının reallaşmasına da qarşı çıxır. Hesab edir ki, bu proses Bakının Zəngəzur üzərində təsir imkanlarını artıracaq və Tehranın Cənubi Qafqaza girişi tamamilə bloklanacaq. Əslində Bakının təsir imkanlarının güclənməsi reallığı var. Lakin Azərbaycan bundan hansısa üçüncü ölkəyə qarşı yox, regional əməkdaşlıq üçün istifadə etmək niyyətindədir. Tehran Bakıdan asılı vəziyyətə düşməyi qəbul etmir. Abdullahianın Moskvaya səfəri iki nəticəni çıxarmağa imkan verir. Birincisi, Ermənistanla danışıqlarda istədiklərini ala bilməyiblər və İrəvan qərarverici qapının Moskva olduğuna işarə vurub. İkincisi isə Soçi görüşündə Ərdoğanla Putin Suriya və Cənubi Qafqaz üzərində anlaşma əldə edib və bu, anlaşma Tehranın bölgəyə girişini əngəlləyib. Abdullahian rusların mövqeyini dəyişməyə çalışdığı güman olunur. 

Qafqazda gərginlik pik həddə çatdığı vaxtda Əsəd ordusunun İdlibə hücum hazırlığına dair məlumatların yayılması da diqqət çəkir. Suriya rejimi Soçi görüşündən öncə rusların dəstəyi ilə İdlib razılaşmasını pozurdu. Soçidəki anlaşmadan sonra isə İran Əsədi dövriyyəyə buraxdı. Tehran Cənubi Qafqaz cəbhəsinə paralel olaraq, Suriya cəbhəsini də açır. 

Amma hər iki cəbhədə qarşısında Ankara ilə Moskva var. İranın son ümidi Putin-Paşinyan görüşünə qədərdir. Hərçənd, nəticə hasil etmək çətin görünür. Qarabağ münaqişəsinin həllində birgə iştirak edən tərəflər bölgənin gələcəyinə də birgə qərar verdilər və bu gələcəkdə İran yoxdur”.