Əyalət, cəhalət və xəyanət mollaları...

Onların havaya üfürdükləri sözlər, sadəcə, ucuz və İran pulu qədər dəyərsiz təbliğat vasitəsindən başqa bir şey deyil

İranın Cənubi Qafqaza münasibəti bölgədəki etnik və dini məsələlərə deyil, regionun geosiyasi və coğrafi əhəmiyyəti amilinə söykənir. Tehran Azərbaycana qarşı ənənəvi düşmənçilyinin ən iyrənc və ən məkrli tərəfini nümayiş etdirir. “İslam həmrəyliyi” haqqında hay-küyünün və dini-ideoloji təbliğatının mahiyyətini, getdikcə daha çılpaq şəkildə ortyaya qoyur. Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanın Tehrana səfəri ətrafında gülünc siyasi şoular düzənləyən mollakratiya təmsilçiləri, ona İranın dövlət informasiya agentliyinin - İRNA-nın resurslarında Azərbaycanın əleyhinə təbliğat aparmaq üçün tribuna verməyi də unutmayıblar. Mirzoyan İRNA-nın tribunasından ölkəmizə qarşı ənənəvi böhtan və yalanlar səsləndirib. 

Siyasi şərhçi Elçin Mirzəbəyli RNA-nın Mirzoyana ünvanladığı suallara diqqət çəkib. Vurğulayıb ki, məqsədi İranın mövcud rejiminin “din və məzhəb birliyi” üzərindən yürütdüyü siyasətin nə qədər puç, nə qədər riyakar olduğunu nümayiş etdirməkdir:

 “İRNA-nın jurnalistinin sualı belədir – “İranın Cənubi Qafqaza münasibəti bölgədəki etnik və dini məsələlərə deyil, regionun geosiyasi və coğrafi əhəmiyyəti amilinə söykənir. Ermənistan İranın bu yanaşmasını necə dəyərləndirir?”. Qeyd edim ki, İRNA İranın rəsmi dövlət informasiya agentliyidir və bu agentliyin ünvanladığı suallar da rəsmi Tehranın mövqeyini, siyasi baxışlarını ifadə edir. Qurum Ermənistanın xarici işlər nazirinin diqqətinə çatdırır ki, İran üçün etnik və dini məsələlər önəmli deyil. Yəni açıq şəkildə din amilinin İranın siyasətində, xüsusilə də Cənubi Qafqaza münasibətdə heç bir əhəmiyyət daşımadığını bildirir və bəlkə də tarixində ilk dəfə həqiqəti dilə gətirir. O zaman Mirzoyana sual ünvanlayan rəsmi Tehranın təbliğat və təxribat ruporu İRNA-ya, həmçinin İranın dini-siyasi, əmmaməli-əmmaməsiz, mərkəzi və əyalət mollalarına sual olunur. Belə olduğu halda “müsəlmanların həmrəyliyi”, “din və məzhəb qardaşlığı” haqqında 32 ilə yaxındır üyütdüyünüz nədir? Hansı haqla bütün dünyada, o cümlədən Cənubi Qafqazda “müsəlman qardaşlarınızı” himayə etdiyinizi bildirirsiniz? Necə olur ki, məkrli planlarınıza, boyunuzu dəfələrlə keçən iddia və maraqlarınıza gələndə “müsəlmanların bir-birinə qardaş olduğunu” deyirsiniz. Amma uzun illərdən bəri müsəlmanların torpaqlarını işğal altında saxlayan, onları soyqırıma məruz qoyan, evlərindən didərgin salan, körpələrini, qadınlarını süngüdən keçirən, məscidlərində donuz saxlayanların yanında yer alırsınız? Budur, sizin saxta dini təəssübkeşliyiniz. İRNA vasitəsilə Ermənistanın xarici işlər nazirinə ünvanladığınız sualla özünüzü bir daha ifşa etdiniz. Gör nə gündəsiniz ki, dünya müsəlmanlarının və vicdanını itirməyən bütün insanların lənətlədiyi bəşər tarixinin ən ağır müharibə cinayətlərini törətmiş Ermənistanın xarici işlər nazirinin ünvanınıza üfürəcəyi bir ağızlıq tərifə ehtiyac duyursunuz. İndi keçək, sevimli qardaşınız, dostunuz Ararat Mirzoyanın cavabına: 

“Ermənistan İranla ikitərəfli yaxın qonşuluq münasibətlərini yüksək dəyərləndirir. Ermənistan-İran əməkdaşlığı sülh, inkişaf və mədəniyyətlərarası dialoqu gündəmində əsas mövzu kimi saxlayan ölkələr üçün nümunə ola bilər. Qədim sivilizasiyaların daşıyıcısı olan Ermənistan və İran kimi ölkələr üçün dini və milli dözümlülük, qarşılıqlı hörmət və etimad, həmçinin gələcəyə görə qarşılıqlı məsuliyyət xarakterik xüsusiyyətlərdir”. 

Mirzoyan hansı milli, dini dözümlülükdən danışır ki, təmsil etdiyi ölkə azərbaycanlıları etnik təmizləməyə məruz qoyub. Bir milyona yaxın müsəlmanı öz yurdundan didərgin salıb, qəbirlərini dağıdıb. Sümüklərini təhqir edib, oğurlayıb, məscidlərində donuz saxlayıb, ziyarətgahlarını dağıdıb?”.

E.Mirzəbəyli Mirzoyana ünvanlanan başqa bir suala da nəzər salıb:

“İranın dövlət informasiya agentliyi bölgədə münaqişə mənbəyi olan Ermənistanın xarici işlər nazirindən soruşur ki, “onun İranın bölgədə sabitliyin qorunub saxlanılmasında oynadığı rol barədə qənaəti necədir?”. Ermənistanın xarici işlər naziri isə deyir ki, İranın regiondakı gərginliyin azaldılması və sabitliyin təmin olunması istiqamətindəki rolu və potensialı göz qabağındadır: “Bunun parlaq nümunəsi İranın Ermənistanın sərhədlərinin toxunulmazlığı ilə bağlı dəqiq mövqeyini ifadə etməsidir. Biz hesab edirik ki, İranın regiondakı rolunun genişlənməsi təkcə bizim ölkələrin dostluğu və qarşılıqlı faydalı əməkdaşlığına deyil, həmçinin regionun təhlükəsizliyi, əminamanlığına və çiçəklənməsinə də müsbət təsir göstərəcək”. Həm sualdan, həm də cavabdan “xoruzun quyruğu” açıq-aşkar görünür. İran uzun illərdən bəri bəlağətli və saxta nitqlə “din qardaşı” adlandırdığı və haqlı mövqeyinin sübuta ehtiyacı olmayan Azərbaycanın yox, Mirzoyanların yanındadır. Ermənistanın ən yaxın müttəfiqi roluna daha açıq şəkildə sahiblənib. Əslində göz önündə olan bir daha sərgiləndi. Bəlli oldu ki, İran uzun illərdən bəri Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qalması, Azərbaycanın zəif düşərək öz ərazi bütövlüyünü təmin etmək iqtidarında olmaması üçün əlindən gələni edib. Ona görə də Müzəffər Azərbaycan Ordusunun qələbəsini özü üçün böyük faciə kimi dəyərləndirir. Əyalət, cəhalət və xəyanət mollalarının da havaya üfürdükləri sözlər, sadəcə, ucuz və İran pulu qədər dəyərsiz təbliğat vasitəsindən başqa bir şey deyil”.