“3+3” formatı bir şansdır

İran və Ermənistan edilən güzəştlərdən sui-istifadə etməməlidir

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İranın iştirakı ilə təklif edilən “3+3” formatına dəqiq mövqe üçün bütün detalları müəyyən etməliyik: “3+3” və ya digər formatlara gəldikdə, Ermənistan əvvəlcə anlamalıdır ki, bu format nədir, hansı hədəfi var, hansı şərtlər və prinsiplərlə fəaliyyət göstərməlidir. Bu və digər çoxsaylı detallar aydınlaşmalıdır ki, bu mövzuda dəqiq mövqe müəyyən edilsin”. Qeyd edək ki, bu gün Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşdə Türkiyə və Azərbaycanın təklif etdiyi “3+3” formatının müzakirə edildiyini, İranın bu məsələyə pozitiv yanaşdığını bildirib. O deyib ki, bu mövzuda erməni həmkarları ilə iş aparılır. Eyni zamanda, qarşılıqlı əlaqələrdəki problemə baxmayaraq, Lavrov Gürcüstanın da bu mexanizmdə öz maraqlarını təmin edə biləcəyini qeyd edib. 

Moskva ilə İrəvanın ziddiyyətli mövqeyini “Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Qafqazda davamlı sülh, inkişaf və stabilliyə mane olan Qarabağ düyünü açıldıqdan sonra regionda yeni situasiya yarandı. Partiya rəsmisi bildirib ki, müharibə şəraiti bitdikdən sonra onun yerini siyasi-iqtisadi əməkdaşlıq doldurması zərurəti yarandı: 

“Regionun mübahisəsiz ən güclü və aparıcı dövləti olan Azərbaycan bu boşluğu doldurmaq üçün “3+3” formatını təklif etdi. Yanvar ayından bu istiqamətdə danışıqlar gedir  və təklifin real əməkdaşlıq formatına keçməsi üçün bütün detallar indiyə qədər ikitərəfli və üçlü danışıqlarda təhlil edilib. Danışıqların finiş mərhələsinə çatdığı ərəfədə İran və Ermənistan narahat görünür. Görünür, bu iki ölkə eyni mövqedən çıxış edərək yalnız öz maraqlarını düşünürlər. Hesab edirəm ki, onların narazılıqlarının kökündə Qarabağla bağlı siyasi məqsədlər dayanır. Azərbaycan Prezidenti dəfələrlə bütün bəyanat və çıxışlarında Qarabağın hər hansı siyasi statusa malik omasının danışıqlar predmeti olmayacağını vurğulayıb. Bu məsələdə heç bir güzəştin olmayacağı konkret olaraq bütün instansiyalara çatdırılıb. Bu formatın 3 dominant ölkəsi Türkiyə, Azərbaycan və Rusiyadır. Ermənistan uzun müddət özünütəcrid şəklinə saldığına görə, ona iqtisadi inkişaf üçün müəyyən güzəştlər düşünülüb. Gürcüstan və İran isə yaxın qonşuluq prinsipi ilə danışıqlar formatına cəlb edilib”. 

V.Əfəndiyev vurğulayıb ki, İran və Ermənistan edilən güzəştlərdən sui-istifadə etməməlidir:

 “Ermənistan danışıqların formatı  və mahiyyəti barədə hər detalı çox gözəl bilir və onun məqsədi siyasi dividendlər əldə etməkdir. Hesab edirəm ki, Ermənistan bu davranışı ilə yalnız özünü çətin vəziyyətə sala bilər. Bu gün erməni xalqı üçün tarixi şans ələ düşüb. Paşinyan özünü demokrat lider sayırsa, bu şansı dəyərləndirməlidir. Ermənistan hazırkı durumu ilə xam xəyallara düşməməlidir. Əks təqdirdə bu format dəyişdirilə bilər. Bizi 5-li format da qane edir”.