Gürcüstan hakimiyyəti dilemma qarşısında:“Saakaşviliyə görə təzyiq...”
 


“Çünki sabiq prezidentin həbsdə saxlamaqla problemlərini artıracaq, lakin sabiq prezidenti azad etsələr də, müxalifət güclənəcək”

Qonşu Gürcüstanın paytaxtı Tbilisi şəhərində eks-prezident Mixail Saakaşvilinin azadlığa buraxılması tələbi ilə kütləvi mitinq keçirilib. Ölkənin müxtəlif bölgələrindən gəlmiş on minlərlə vətəndaş Mərkəzi Azadlıq Meydanına toplaşaraq “Mişaya azadlıq!” şüarları səsləndiriblər. 
Mitinq zamanı Mixail Saakaşvilinin həbsxanadan xalqa yazdığı müraciəti oxunub. Müraciətində o, Gürcüstana niyə döndüyünü izah edərək, Ukraynada xoşbəxt ola bilmədiyini, başqa yerdə ola bilməyəcəyini deyib. Sonra mitinq müxalif liderlərinin çıxışları ilə davam etdirilib.

Baş verən hadisələr Saakşvilinin yenidən hakimiyyətə gəlməsinə dair ehtimalları aktuallaşdırır. Maraqlıdır, mitinqlərin keçirilməsi onun yenidən prezident seçilməsinə yol aça bilərmi?

Sualımızı cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, baş tutan mitinq göstərdi ki, Saakaşvilinin həm həbsdən azad edilməsi reallaşa, həm də tərəfdarlarını yenidən toplayıb onun hakimiyyətə gəlmə iddiası ortaya çıxa bilər:

“Çünki on minlərlə insan mitinq üçün toplaşmışdı. Bəzilərinə elə gəlirdi ki, həbs olunan gün heç bir etiraz aksiyası və mitinq olmadısa, Saakaşvili zəifdir.

 Lakin sözügedən mitinq göstərdi ki, onun Tbilisi, ümumiyyətlə, Gürcüstanda kifayət qədər tərəfdarı və dəstəkçisi var. Bu, hakimiyyətə olduqca ciddi problemlər yaradacaq. Dünənki mitinq də hakimiyyətə ciddi təzyiq forması idi. Ona görə də indiki hakimiyyət çətin seçim qarşısındadır. Çünki Saakaşvilini həbsdə saxlamaqla problemlərini artıracaq, lakin sabiq prezidenti azad etsələr də, müxalifət güclənəcək”.