XİN başçılarının görüşü:“Sülh sazişinə dair danışıqlar gedir”

“Rusiya və Azərbaycan XİN başçıları görüş zamanı sülh sazişinin necə və hansı bəndlərlər ibarət olması, ümumiyyətlə, bu müqavilənin bağlanması üçün lazım olan tədbirlər barədə danışıblar”

Dünən Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələlərini, o cümlədən gələn il iki ölkə arasında diplomatik əlaqələrin təsis olunmasının 30-cu ildönümü çərçivəsində keçiriləcək tədbirləri geniş müzakirələr ediblər. Tərəflər, həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tam icrası və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlərin görüşünü “Sherg.az”a şərh edən politoloq İlqar Vəlizadə qeyd edib ki, Bayramovla Lavrovun danışıqları kommunikasiyaların açılması ilə bağlı aparılan dialoqa təsir göstərən deyil:

“Çünki Minskdə keçirilən iclasın öz gündəliyi var. Lakin görüşün əhəmiyyəti ondan ibarətdir ki, tərəflər çox güman indi siyasi gündəliyi hazırlayırlar. Siyasi gündəliyin əsas məqamlarından biri də Ermənistan-Azərbaycan liderlərinin görüşünü təşkil etməkdən ibarətdir. Fikrimcə, nazirlərin danışıqlarının əsas məqsədi məhz bu görüşlə bağlıdır. Eyni zamanda sülh sazişinin imzalanması barədə də danışıqlar gedir. Yeri gəlmişkən, bu gün MDB sammitində Ermənistan baş naziri də bu məsələni dilə gətirdi.

Yəni Rusiya və Azərbaycan XİN başçıları görüş zamanı sülh sazişinin necə və hansı bəndlərlər ibarət olması, ümumiyyətlə, bu müqavilənin bağlanması üçün lazım olan tədbirlər barədə danışıblar”.