Professor istisna etmir:“Saakaşvili hakimiyyəti ələ keçirə bilər”

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ölkəsinə geri qayıtmasından sonra siyasi arenada ciddi rəqabət müşahidə olunur. Xüsusilə də, Saakaşvilinin həbsindən sonra onun tərəfdarları Baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi hökumətə qarşı etiraz səslərini ucaldıblar. İlkin olaraq Tbilisi şəhərində 100 minə yaxın etirazçının bir araya gəlməsi Saakaşvilinin həbsdən buraxılması adı altında baş verib. 
 
Belə olan halda isə ümumilikdə son həftələrdə siyasi aktivliyin müşahidə olunduğu ölkədə bu qədər geniş maştablı aksiyanın təşkil olunması hakimiyyət uğrunda ciddi rəqabətin olacağının siqnallarını indidən verir. Xüsusilə də eks-prezidentin yenidən hakimiyyətə gəlib-gəlməyəcəyinə dair suallar ölkə gündəminin əsas mövzusudur.

Gürcüstanda hökm sürən vəziyyəti “Sherg.az”a şərh edən siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev qeyd edib ki, Saakaşvili Qərbin siyasi layihəsidir.Onun sözlərinə görə, qərb rəngli inqlilablardan fərqli olaraq artıq xarizmatik liderlərin əli ilə hakimiyyəti götürmək istəyir:

“Bu baxımdan Gürcüstandakı mitinqlər də Qərb dünyasının maraq dairəsindədir. Çünki çoxlu sayda insanı mitinqə yığmaq, onların gündəlik tələbatını ödəmək böyük vəsaitlər tələb edir. Hələlik hadisələr vətəndaş müharibəsinə çevrilməyib, milli qarşıdurma yoxdur, lakin artıq İvanaşvilinin evinin qarşısında polis-vətəndaş toqquşması və həbs olunanlar var. Proses belə davam etsə, qarşıdurma yeni müstəviyə keçə bilər. Qərb isə hələ ki, öz susqunluğunu qoruyur. Bunun da səbəbi odur ki, Gürcüstanın indiki rəhbərliyi demoraktik normalardan kənara çıxmır. Yaxın zamanda Saakaşvilinin yenidən hakimiyyətə gələcəyini düşünmürəm, lakin onun hakimiyyəti ələ keçirmə ehtimalı ola da bilər”.