İttifaq möhkəmlənib! -  “Gürcüstan Türkiyə və Azərbaycanın yanındadır”

“Müstəqillik günümüzdə qonşu dövlətin bayrağımızı Tbilisi teleqülləsində işıqlandırması bir daha bu dostluq, qardaşlıq və müttəfiqliyin sübutu oldu”


Gürcüstanın paytaxtı Tbilisi şəhərində Mtatsminda dağında yerləşən televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Şəhərin əsas simvollarından biri olan teleqüllə 18 oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpasının 30-cu ildönümü ilə əlaqədar göy, qırmızı və yaşıl rənglərdə işıq saçır. İşıqlandırma Tbilisi meriyası tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Tbilisi teleqülləsi bu il artıq ikinci dəfədir Azərbaycan bayrağının rənglərinə boyanıb. Teleqüllə ilk dəfə 28 May – Respublika Günündə üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılıb.

Qonşu dövlətin atdığı addımın yüksək qiymətləndirilməli olduğunu vurğulayan siyasi analitik Turab Rzayev bildirib ki, Gürcüstan Vətən müharibəsindən bəri özünü etibarlı dost, sadiq qonşu və tərəfdaş kimi təsdiq edib.
Onun sözlərinə görə, Gürcüstan 44 günlük müharibə dövründə belə Ermənistana öz hava sahəsi və sərhədlərindən hərbi silah-sursatın daşınmasını qadağan etdi:

“Gürcüstan Azərbaycana qarşı mehriban dost və qardaşlıq münasibətini açıq-aşkar göstərir. Bunlardan biri Azərbaycanın Gorus-Qafan yolunu bağladıqdan sonra İranın ölkəmizə qarşı aqressiv hərəkətlərinin artdığı dönəmdə, Gürcüstanın da İran vətəndaşlarının ölkəyə girişini qadağan etməsi idi. Bundan sonra Ermənistan və Rusiyaya gedən yüklərin də daşınmasını çətinləşdirən prosedur yerinə yetirildi. Bütün bunlar göstərir ki, artıq regionda Gürcüstan-Azərbaycan ittifaqı möhkəmlənib. Müharibədən əvvəl və müharibə dövründə iki qonşu xalq arasında münasibətləri pozmaq istəyən qüvvələr var idi. Xüsusilə, xarici xidmət orqanlarının əməkdaşlarının burada böyük rolu var Eyni zamanda xarici kəşfiyyatlarla əlaqələri olan kilsə və din xadimləri də iki ölkə arasındakı əlaqələrə xələl gətirmək istəyirdilər. Ona görə də həssas məqamlara toxunmağa çalışırdılar. Lakin Gürcüstan və Azərbaycan əl-əl verərək bu maneələri aşıb, etibarlı tərəfdaş olduqlarını göstərdilər. Gürcüstan Türkiyə və Azərbaycanın yanındadır. Müstəqillik günümüzdə qonşu dövlətin bayrağımızı Tbilisi teleqülləsində işıqlandırması bir daha bu dostluq, qardaşlıq və müttəfiqliyin sübutu oldu”.