Qərb Saakaşvilini tək qoymayıb! -  “Həbsdə çox qalmayacaq”

Gürcüstanda həbsdə saxlanılan sabiq prezident Mixael Saakaşvili həkimlərin ona yardım göstərməsinə razılıq verib. Bu barədə siyasətçi yazdığı məktubda bildirib.
O, həbsdə qalacağı müddətdə heç bir formada qida qəbul etməyəcəyini və hətta ölümə hazır olduğunu deyib: “Bununla belə mən sona qədər sağlam düşüncəmi və işləmək qabiliyyətimi saxlamaq istəyirəm. Buna görə də həkimlər tərəfindən medikamentoz müdaxiləyə razıyam”.

Doğrudur, sabiq prezidentin ölkəyə qayıdışını tərəfdarları böyük rəğbətlə qarşıladı. Gürcüstanın paytaxtlı Tiflisdə M.Saakaşvilinin azadlığına qovuşmasına dair keçirən mitinq fikirlərimizin sübutu sayıla bilər. Bununla belə bəzi iddialar var ki, Saakaşvili Qərbin siyasi layihəsidir. Lakin müəyyən fikirlər dolaşır ki, Qərb artıq onu unudub və dəstək verməkdən böyun qaçırıb. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun “Sherg.az” açıqlamasına görə, beynəlxalq aləm və Qərb dövlətləri Saakaşvilini tək qoymayıb:

“Məsələ burasındadır ki, Gürcüstanın indiki hakimiyyəti də qərbpərəst siyasət yürüdür. Ona görə Qərb üçün Saakaşvili ilə indiki hakimiyyət arasında seçim etmək çətindir. Amma sabiq prezidentə həm ölkə içində, həm də xaricdə dəstək var. Azərbaycanlıların çoxu da Saakaşviliyə rəğbət bəsləyir. Çünki o, ölkəsində ciddi islahatlar aparmışdı, Azərbaycan və Türkiyə ilə sıx tərəfdaşlıq münasibətləri qurmuşdu, ölkəmizin əhəmiyyətini anlayan açıqlamalar vermişdi. Bu baxımdan  Saakaşvilinin sərbəst buraxılmasını istəyirik. O, aclıq elan etməklə özünə olan dəstəklərin artacağına ümid edir. Fikrimcə, eks-prezidenti həbsdə çox saxlaya bilməyəcəklər".