“3+3” formatı niyə "tormozlanır"? – AKTUAL ŞƏRH

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı mühüm açıqlamalar verib. Qurum rəsmisi bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın irəli sürdükləri "3+3" formatına dair təşəbbüs Rusiya tərəfindən dəstəklənir:

“Biz çoxtərəfli regional əməkdaşlığın inkişafında bu formatın ehtimal olunan bütün iştirakçılarının birmənalı olaraq maraqlı olduğunu əsas götürürük. Bu mexanizmin tətbiqi dövlətlər arasında etimadın artmasına, ziddiyyətlərin həllinə dəstəkdir”.

M.Zaxarova bütün tərəflərin mənafeyini nəzərə almaqla həmin mexanizmin tezliklə tətbiqinə tərəfdar olduqlarını vurğulayıb.

Təəssüf ki, sözügedən formatın reallaşmasının şahidi olmuruq. Müəyyən danışıqlar aparılıb bəzi təşəbbüslər irəli sürülsə də, proses ləngiyir. Maraqlıdır, bu formata əngəl törədən, prosesi “tormozlaşdıran” tərəflər kimlərdir?

Sualımızı cavablandıran millət vəkili Rasim Musabəyovun “Sherg.az”a açıqlamasına görə, M.Zaxarova “3+3” formatı ilə bağlı neqativ fikirlərin ABŞ tərəfindən səsləndiyini bildirib. Bu da daha çox Gürcüstanla bağlıdır:

“Çünki Gürcüstanın Rusiya ilə diplomatik əlaqələri 2008-ci ildəki müharibədən sonra “qırılıb”. Rəsmi Tbilisi torpaqlarını işğal edən Rusiya ilə heç bir masa arxasına əyləşib təhlükəsizliklə bağlı məsələlərin müzakirəsində iştirak etmək istəmədiyini bildirir. ABŞ da Gürcüstana bu məsələdə dəstək göstərir. Ancaq ortada başqa məsələlər də var. Məsələn, Azərbaycanın Ermənistanla, həmçinin Türkiyənin Ermənistanla heç bir diplomatik əlaqələri yoxdur. Son aylarda dövlətimizlə İran arasında xeyli gərginliyi də müşahidə etdik. 

Ona görə hələlik “3+3” formatının hansı şəkildə həyata keçiriləcəyi, ümumiyyətlə, 6 ölkənin masa arxasında əyləşərək bu formatı davam etdirəcəyi bəlli deyil. Rusiya tərəfi konsultativ bir format kimi ildə bir dəfə XİN başçıları səviyyəsində görüşlərin təşkil edilib bölgədəki təhlükəsizliklə bağlı məsələlərin müzakirəsinə qoşula bilər. 

Ancaq hər bir halda müəyyən bir sənəd hazırlanmalıdır. Hələlik hansısa dövlətin “3+3” görüşünün keçirilməsinə dair təşəbbüs səsləndirməsinə rast gəlmirik. Ümumi fikirlər çox səslənə bilər, lakin bu formatın tez zamanda gerçəkləşməsini görmürük. Belə formatların həyata keçiriləcəyini 30 ildir ki, eşidirəm. İlk dəfə Ümummilli lider Heydər Əliyevin dövründə bu cür təşəbbüslər səsləndirilib, amma indiyə kimi həyata keçirilməyib. 

Bəlkə, bölgədəki dəyişikliklər nəticəsində adıçəkilən format ən azı görüş şəklində gerçəkləşə bilər. Ancaq bunun tez zamanda olacağını düşünmürəm”.