Açar yenə Kremlin əlindədir

Noyabrın 8-9-da Moskvada liderlərin üçtərəfli görüşü gözlənilir

Ən mühüm məsələ kommunikasiyaların bərpası ilə bağlı anlaşma olacaq

Noyabrın ilk ongünlüyündə Kremldə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı informasiyalar yayılıb. Məlumat əvvəlcə erməni mediasında tirajlansa da, daha sonra Rusiyanın “RİA Novosti” agentliyi də liderlərin üçtərəfli, yaxud ikitərəfli görüşü ilə bağlı xəbər yayıb. Xəbərdə görüşün noyabrın 8-i və ya 9-da keçirilə biləcəyi vurğulanıb. 

Bu o deməkdir ki, Moskva görüşü 44 günlük müharibənin ildönümündə keçirməyi planlaşdırır. Kremlin görüş üçün bu tarixə üstünlük verməsi təsadüfi deyil. Bununla Moskva həm ətraf aləmə mesaj göndərir ki, “proses Kremlin nəzarətindədir”, həm də demək istəyir ki, “məsələni həll edə biləcək tək ölkə Rusiyadır”. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin bir neçə gün əvvəl “Valday” diskussiya klubunun iclasında Azərbaycanla Ermənistan arasındakı sərhəd probleminin həllində vasitəçi ola biləcək yeganə ölkənin Rusiyanın olduğunu vurğulayıb. Kreml sahibi bunu belə əsaslandırıb ki, keçmiş sovet respublikalarının sərhədlərini müəyyənləşdirən xəritələr Moskvadadır. Digər tərəfdən müharibənin bitməsindən sonra Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində keçirilən bir neçə üçtərəfli görüşün bu mərhələsini məntiqi sonluğa yaxınlaşdırmaq lazımdır. 

“RİA Novosti”nin yayımladığı xəbərdə liderlərin növbəti görüşündə iki maddəli sənədin imzalanacağı bildirilib. Birinci maddə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına aid olacaq. Xəbərdə yazılıb ki, “bu, mürəkkəb prosesdir və tərəflər Rusiyanın vasitəçiliyi ilə özləri üçün məsələnin həlli ilə bağlı “yol xəritəsini” müəyyən edəcəklər”. İkinci sənəd isə bölgədə nəqliyyat kommunikasiyalarının açılmasına dair olacaq. Xəbərdə bu məsələnin hələ ötən ilin noyabrında üç ölkənin liderləri tərəfindən qəbul olunmuş bəyanatda öz əksini tapdığı xatırlanıb. Məlumdur ki, sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması Azərbaycanın maraqlarına uyğundur. Buna artıq Ermənistanın Baş naziri Nikol Paşinyan da etiraz etmir. O, son açıqlamasında Naxçıvanla Azərbaycanın materik hissəsini birləşdirən nəqliyyat yollarının açılması mümkünlüyünü bildirib. Yəni Paşinyan erməni cəmiyyətini buna hazırlayıb. Rusiya Prezidenti Vladimir Putin də Naxçıvana uzanan kommunkasiya xətlərinin açılması zərurətini "Valday"dakı müzakirələrdə səsləndirib. 

MCP sədrinin muavini, politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə açıqlamasında bildirib ki, tərəflər müharibənin bitməsinin bir illiyinə təsadüf edən üçtərəfli görüşə aylardır hazırlaşırlar. Analitikin fikrincə, qarşılıqlı yumşaq mesajlarla görüşə şərait yaradılıb: 

“İddialara görə, Azərbaycan və Ermənistan rəhbərləri təkbətək görüşə hazırlaşırdı. Lakin Moskvanın prosesə müdaxiləsi belə bir görüşün Moskvada keçirilməsini və üçtərəfli formatda olmasını labüd etdi. Putinin "Valday" klubunda çıxışı Azərbaycanı qane edirdi. Ona görə də Moskvanın vasitəçiliyi ilə keçiriləcəyi gözlənilən görüş Azərbaycanın maraqlarına cavab verir. Rusiyada keçirilən görüşdə bir neçə məsələdə razılaşmalar əldə edilə bilər. Bundan əlavə Moskva öz maraqlarının təmini istiqamətində təkliflərini razılaşmalara sala bilər. Birincisi, Azərbaycanla Ermənistan arasında ilk növbədə sərhədlərin delimitasiya və demarkasiyası üzrə danışıqlar başlaycaq. Sərhədlərin müəyyənləşməsi Rusiyada saxlanılan sovet xəritələrinə uyğun olaraq aparılacaq. Rusiya prezidenti sərhəd məsələsində kompromis təklif edir. Görünür, Azərbaycanın anklavları ilə bağlı məsələlər sonrakı prosesə saxlanılır”. 

M.Əsədullazadənin fikrincə, liderlərin görüşündə ən mühüm məsələ regional kommunikasiyaların bərpası ilə bağlı anlaşma olacaq: 

“Nəqliyyat və kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılması razılaşdırılacaq. Ermənistan tərəfi “dəhliz” sözünü işlətməkdən qaçsa da, bu, reallaşacaq və koridora Rusiyanın Sərhəd Xidməti nəzarət edəcək. 

Əgər hansısa yolu başqa ölkənin silahlı qüvvələri qoruyursa, həmin keçidə dəhliz deyirlər. Ermənistan tərəfi Zəngəzurda dəmir yolu və avtomobil yolunun çəkilməsinə ayrılan vəsaiti Azərbaycanın qarşılaması məsələsini qaldıra bilər. Tam razılıq əldə olunarsa, bunun müqabilində Bakıda saxlanılan diversantlar geri veriləcək və mina xəritələri Azərbaycana təqdim ediləcək. Rəsmi Bakı isə Qarabağda silahlı erməni birləşmələrinin ləğvini tələb edəcək. Proses uzun çəksə də, sonda silahlı birləşmələr ləğv ediləcək. Ermənistanla sülh müqaviləsi də Moskva görüşünün nəticələrindən və ilkin razılaşmalardan asılı olacaq”.