Koçaryan yenidən meydana qayıdır

Keçmiş prezidentin daşnaklarla mübarizəsi uğursuz olacaq, çünki Paşinyanın arxasında Rusiya dayanır

Ermənistan müxalifəti, daha dəqiq ifadə etsək, keçmiş prezident Robert Koçaryanın rəhbəri olduğu “Hayastan” bloku Baş nazir Nikol Paşinyanın Moskvada Azərbaycan Prezidenti ilə danışıqlar prosesində ərazi güzəştlərinə gedəcəyi bəhanəsi ilə mitinqlərə start verib. Koçaryana “Daşnaksütyun” partiyasından olan İşxan Saqatelyan da dəstək verib. 

Ermənistanda baş verənlərlə bağlı “Şərq”ə danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, belə mitinqlərlə hakimiyyətə qarşı təzyiq mümkün olmayacaq. Analitikin fikrincə, Koçaryan əhalinin aktiv dəstəyini ala bilməyəcək: 

“Koçaryan hesab edirdi ki, parlament tribunasından ana müxalifət kimi Paşinyana qarşı effektiv mübarizə aparacaq və konkret nailiyyətlər əldə edəcək. Parlamentdə fraksiya rəhbəri Seyran Ohanyanın bir neçə təxribata əl atması və blokun deputatlarının etirazları da səmərəli olmadı. “Hayastan” fraksiyasının bütün təxribatlarının qarşısı iqtidar partiyası tərəfindən alındı. Bununla Koçaryanın parlament mübarizəsi fiaskoya uğradı. İndi o, yenidən meydana qayıdıb. Bu dəfə Paşinyanın sülhə və iqtisadi blokadadan çıxmaq siyasətinə qarşı etiraz edir. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı çıxır. Lakin Koçaryanın daşnaklarla birgə mübarizəsi də uğursuz olacaq. Çünki bu məsələdə Paşinyanın arxasında Rusiya dayanır”. 
Müsahibimiz qeyd edib ki, regionda yeni geosiyasi reallıq yaranıb: “Ermənistanda istənilən hakimiyyət bununla hesablaşmaq məcburiyyətindədir. Koçaryan nəyəsə nail olmağa çalışsa da, bu cür fəaliyyəti ilə özünü siyasi girdaba yuvarlayır. Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmaların yerinə yetirilməsi İrəvan üçün məcburidir. Əks təqdirdə Ermənistan siyasi-iqtisadi defolta məhkum olacaq. Azərbaycanın yaratdığı yeni siyasi nizam Ermənistan üçün yeni əlverişli şərait yaradır. 

Əgər İrəvan xoşluqla önünə çıxan fürsətdən yararlanmaq istəməzsə, Azərbaycan güc yolu ilə öz maraqlarını təmin edəcək”.