Ermənistan parlamentində qarşıdurma yaranıb

Ölkədə sərhədlərin müəyyənləşməsi prosesinin gərgin keçəcəyi bəlli ili

"Erməni hakimiyyəti heç nəyə baxmadan regiondakı gərginliyin aradan götürülməsinin tərəfdarıdır"

Ermənistan parlamentində sərhəddəki vəziyyət və demarkasiya ilə bağlı qapalı dinləmələr keçirilib. İclasda Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Kamo Koçunts və Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan məruzə ilə çıxış ediblər. Dinləmələr zamanı deputatlar arasında qalmaqal yaşanıb. 

“Hayastan” fraksiyasının deputatı Geğam Manukyan çıxışı zamanı bir neçə dəfə “Qarabağı unudanlar vətən xainidirlər” ifadəsindən istifadə edib. İclasa sədrlik edən parlament sədrinin müavini Ruben Rubinyan həmkarını etik çıxışa dəvət edib. Tələblərə itaətsizlik göstərən deputat zaldan uzaqlaşdırılıb. Erməni mətbuatının yaydığı məlumata görə, bundan sonra qalmaqal daha da böyüyüb. Müxalif və iqtidar deputatları arasında insident baş verib, parlamentin sədr müavini Ruben Rubinyan iclası yarımçıq dayandırmaq məcburiyyətində qalıb. 

Politoloq Azər Qasımov “Şərq”ə açıqlamasında vurğulayıb ki, sərhədlərin müəyyənləşməsi prosesinin Ermənistanda gərgin keçəcəyi şübhəsizdir: 

“Müxalifətin “Qarabağ” kartından başqa əlində heç bir təsir rıçağı qalmayıb. Amma bu o demək deyil ki, proses dalana dirənib. Erməni iqtidarı son seçkidən sonra xalqdan aldığı güclə demək olar ki, bu məsələni həll edib. Demarkasiya daxil digər məsələlərin də problemsiz keçəcəyi gözləniləndir. 

Ermənistan Baş naziri Nikol Paşinyan regionda sülh dövrünün başlandığını qəbul və elan edib. Bunun özü göstərir ki, erməni hakimiyyəti heç nəyə baxmadan regiondakı gərginliyin aradan götürülməsinin tərəfdarıdır. 

Hesab edirəm ki, proses bu yöndə davam edəcək. Daxildəki müxalif qüvvələrin etirazları isə nəticəsiz qalacaq”.