Səudiyyə Ərəbistanı Ermənistana niyə yaxınlaşır?


Asif Nərimanlı: "Rəsmi Bakı bu prosesi nəzarətdən kənarda saxlamamalıdır"

Ermənistan Prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfər edib. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Sarkisyanı Ər-Riyad Hava Limanında Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adel əl-Cubeyr qarşılayıb. Bildirilir ki, indiyədək Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr olmayıb və erməni rəsmilər indiyədək bu ölkəyə səfər etməyiblər. Mətbuat xidməti Sarkisyanın səfərini tarixi addım adlandırıb.

Mövzu ilə bağlı siyasi analitik Asif Nərimanlı "Şərq"ə açıqlamasında bildirib ki, bu, İrəvan-Ər-Riyad xəttində ilk hadisədir. Analitik qeyd edib ki,  Ermənistan prezident aparatı bunu “misli görünməmiş hadisə və İrəvan üçün beynəlxalq münasibətlərdə dönüş nöqtəsi” adlandırır: "Və ilk olan bu səfər Bakının maraqları fonunda da düşündürücüdür.
Səudiyyə Ərəbistanı Qarabağ münaqişəsinə görə indiyə qədər Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. İndi bu istiqamətdə ilk rəsmi addımın atılmasının iki səbəbi var. Birincisi, Qarabağ münaqişəsi artıq həll olunub və Ər-Riyad İrəvanla münasibətlərdə maneənin qalmadığını düşünür. İrandan fərqli olaraq, Səudiyyə Ərəbistanının indiyə qədər Qarabağ məsələsində özünü islam dövləti kimi aparması da unudulmamalıdır. İkincisi, Türkiyə faktorudur. Əslində Ər-Riyadın Armen Sarkisyanı qəbul etməsinin arxasındakı siyasi amil Türkiyənin Qafqaza gəlişi və son proseslərdir. Ərəb dünyasında Azərbaycanla bağlı əvvəlki mövqeyin dəyişməsi də ötən ilin Tovuz döyüşlərində və sonrasında Ankaranın Bakıya dəstəyindən sonra açıq şəkildə hiss olunmağa başladı. Səudiyyə Ərəbistanı İrəvana qapı açmaqla Bakıya qarşı balans yaratmağa çalışır".
A.Nərimanlı əlavə edib ki, münaqişənin başa çatması və regionda Bakı-İrəvan münasibətlərində normallaşma gözləntiləri fonunda Ər-Riyad-İrəvan xəttindəki açılım o qədər də təhlükəli görünməyə bilər: "Lakin yenə də rəsmi Bakı bu prosesi nəzarətdən kənarda saxlamamalıdır, həm ərəb dünyasını, həm də “ərəb kapitalı”nı itirməmək baxımından".