Açıq gərginlik arxada qaldı

Zatən məsuliyyəti rəsmi Bakı daşımırdı

Nəhayət, müşahidələr İran-Azərbaycan münasibətlərinin qaydaya düşdüyünü göstərir

İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranla Bakı arasında normallaşma prosesinin başladığını deyib. XİN rəhbəri Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla təmaslarının olmasına diqqət çəkib: “Düşünürəm ki, biz açıq gərginlik mərhələsini başa çatdırdıq”. İranlı nazir vurğulayıb ki, ölkələr arasında mövcud problemlər tədricən həll olunacaq”. Diplomat əlavə edib ki, “İranın hazırkı hökuməti qonşu ölkələrlə münasibətlərin inkişafına yönəlib”. 

Qeyd edək ki, iki ölkə arasında münasibətlər bu ilin sentyabrında, Azərbaycan Ermənistanın Gorus-Qafan yolunun onun ərazisinə keçən hissəsinə nəzarəti öz əlinə aldıqdan sonra gərginləşib. İki iranlı sürücü "Qarabağa qanunsuz girdiyi" üçün saxlanlıb, İran mənşəli yük maşınları gömrük rüsumuna cəlb olunub. Bu hadisədən sonra ölkə rəsmilərinin bir-birinə ittihamları açıq müstəviyə çıxıb. Lakin bir müddət sonra münasibətlər yenidən normala dönüb və İran rəsmiləri pozitiv açıqlamalar verməyə başlayıblar. 

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə deyib ki, müşahidələr İran-Azərbaycan münasibətlərinin qaydaya düşdüyünü göstərir. Partiya təmsilçisinin sözlərinə görə, rəsmi Tehran hədə ritorikasını tam dəyişib, münasibətləri düzəltməyə çalışır:

 “İranla qarşıdurma Azərbaycana da sərf etmir. Amma dövlətimiz və ictimai-siyasi kəsim İranla münasibətdə, onun hədələri fonunda geri çəkilmədi. Bu da dost-düşmənə bir dərs oldu ki, “Kimsə Azərbaycanla hədə dilində danışa bilməz”. Lakin Azərbaycan İranın ittihamlarını qəbul edə bilməz. Son proseslərdə Azərbaycan heç bir dövlətin qarşısında boyun əyməyəcəyini və kiminsə təsiri altına düşməyəcəyini bir daha bütün dünyaya nümayiş etdirmiş oldu. Əslində münasibətlərdə müəyyən anlaşılmaz məqamların ortaya çıxmasına görə məsuliyyəti rəsmi Bakı daşımırdı. Məsuliyyət tamamilə İran tərəfinin üzərinə düşürdü. Azərbaycan dövləti əvvəlcə bütün diplomatik kanallardan istifadə etdi ki, məsələ sakit şəkildə həllini tapsın. Çünki rəsmi Bakı heç zaman İranla münasibətlərin soyuqlaşmasında, korlanmasında maraqlı olmayıb. Daim əməkdaşlıqda maraqlı olmuşuq. Ancaq son yaşananlarda qətiyyətli və prinsipial mövqe nümayiş etdirmək zəruri idi. Nəticədə İran səhvini başa düşdü və münasibətləri normallaşdırdı”.