VHP Qüdrət Həsənquliyevlə razılaşmır


Samir Əsədli: "Parlamentdə daha çox yer alan partiyaya daha artıq vəsait ayrılması normal prinsipdir"
 
Milli Məclisdə büdcə müzakirələri zamanı siyasi partiyalara ayrılan vəsaitlə bağlı məsələ qaldırılıb. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev bildirib ki, siyasi partiyalara ayrılan vəsait çox ədalətsiz bölüşdürülür. Onun sözlərinə görə, vəsait daha çox hakim partiyaya çatır. Deputat əlavə edib ki, dövlət büdcəsindən ayrılan vəsait partiyaların deputatlarının sayına görə partiyalar arasında bölüşdürülür: 

“Əslində, azlıqda olan partiyalara daha çox vəsait ayrılmalıdır. Eyni zamanda dövlət büdcəsində QHT üçün nəzərdə tutulan vəsaitlərin də artırılmasına ehtiyac var”. Məlumat üçün bildirək ki, siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində ümumilikdə 4 milyon manat vəsait nəzərdə tutulub. VI çağırış Milli Məclisdə 11 siyasi partiya təmsil olunur. 125 deputatın 70 nəfəri hakim YAP-ın, 3 nəfər isə Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür. Digər prtiyalar isə parlamentdə bir nəfərlə təmsil olunurlar. VHP Milli Məclisdə 3 deputatla təmsil olunduğuna görə, ən çox vəsaiti alan müxalifət partiyası sayılır. 

Millət vəkili Qüdrət Həsənquliyevin qaldırdığı məsələ barədə “Şərq”ə danışan Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, dövlət büdcəsindən partiyalara ayrılan maliyyənin miqdarı ilə vəsaitin parlamentdə təmsilçilik sayına görə müəyyənləşməsi ayrı-ayrı məsələlərdir. Samir Əsədlinin fikrincə, parlamentdə daha çox yer alan partiyaya daha artıq vəsait ayrılması normal prinsipdir: 

“Maddi bölgünün güc və imkanlara uyğun müəyyənləşməsi qəbul olunmuş dəyərdir. O başqa məsələdir ki, ayrılan vəsait partiyalar üçün yetərli olmur. Partiyanın normal fəaliyyəti, mərkəzi aparatının və bölgə təşkilatlarının saxlanması daha çox məbləğ tələb edir. Vətəndaş Həmrəyliyi Partiyası olaraq ayrılan vəsaitin xərclənməsini şəffaf şəkildə həyata keçiririk və bunun açıq hesabatı verilir. VHP-də Mərkəzi Aparatda çalışan şəxslərə əməkhaqqı da ödənilir. Həmçinin, partiyanın təbliğat-təşviqat işlərinin aparılması üçün texniki məsələlərə xərclər ayrılır. Bir daha qeyd edirəm ki, məbləğ yetərli deyil, bütün ehtiyaclar ödənilmir. Amma mən həm də o fikirdəyəm ki, ölkədə siyasi sistem o dərəcədə demokratikləşməlidir ki, partiyalara iş adamları və sahibkarlar da meyillənməli, onların imkanlarından da istifadə olunmalıdır”.