Azərbaycan bölgədə sabitləşdirici qüvvə kimi çıxış edir


Avropa İttifaqının yeni Cənubi Qafqaz konsepsiyasında aparıcı strateji xətt Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsi olacaq

“Postkonflikt mərhələsində Azərbaycanın liderliyi, fəal iştirakı və strateji təşəbbüsləri təkcə Cənubi Qafqazda deyil, Asiyadan Avropaya doğru geniş coğrafiyada yeni işbirliyi xəttinin - geoiqtisadi tranzit oxunun formalaşmasında həlledici faktor kimi çıxış edir. Söhbət Zəngəzur dəhlizinin reallaşdırılmasından, bölgədə kommunikasiya xətlərinin bərpasından gedir”. 

Bu fikirləri “Şərq”ə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi Cənubi Qafqazın kommunikasiya və inteqrasiya mərkəzinə çevrilməsini şərtləndirəcək: 

“Xüsusilə də, Azərbaycan-Türkiyə geostrateji işbirliyi nəticəsində meydana çıxan gerçəkliklər fonunda beynəlxalq münasibətlərdə çoxqütblü idarəetmə sisteminə transformasiya - keçid labüddür. Bu isə uzun müddətdir ki, təkqütblü dünya nizamına alternativ sistemin formalaşması təşəbbüsü ilə çıxış edən Avropa İttifaqı üçün real şans - mühüm imkandır. Məhz burada bəhs olunan regional təşkilatın mövqeyi, xüsusilə də Çin və Rusiya kimi güc mərkəzləri ilə üst-üstə düşür. Digər tərəfdən, Zəngəzur dəhlizinin reallaşmasından, kommunikasiya xətlərinin bərpasından sonra formalaşacaq yeni tranzit imkanlar Aİ-nin də iqtisadi, ticari maraqlarına cavab verəcək. Bu da öz növbəsində qurumun regiona marağının artmasını şərtləndirən mühüm amillərdən biridir”.

N.Qələndərli qeyd edib ki, şübhəsiz, Aİ-nin yeni Cənubi Qafqaz konsepsiyasında aparıcı strateji xətt Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsi olacaq:

 “Bunu şərtləndirən bir sıra zəruri amillərdən bəhs etdik. Əlavə olaraq qeyd edə bilərik ki, Azərbaycan regionun lider dövləti - aparıcı aktoru olaraq yeni mərhələdə bölgədə müxtəlif qütblərin həm geosiyasi, həm də geoiqtisadi maraqlarını uzlaşdıran sabitləşdirici qüvvə kimi çıxış edəcək. Digər tərəfdən, dünyada böyük etimada malik olan Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması Aİ tərəfindən xüsusilə nəzərə alınır. Ölkəmiz 15 ildir ki, Avropa bazarında etibarlı neft təchizatçısıdır və prosesdə hər hansı fasilə olmayıb. Azərbaycanla əməkdaşlığın üstünlüyünü şərtləndirən digər amillər ondan ibarətdir ki, respublikamızın təbii qazının qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Eyni zamanda, Cənub Qaz Dəhlizi alternativ mənbə kimi çox mühüm əhəmiyyətə malikdir. Bu isə həm enerji təhlükəsizliyi, həm də regional iqtisadi sabitlik və inkişaf məsələsidir. Bütövlükdə, yeni geostrateji reallıqların müəllifi olan Azərbaycanla qarşılıqlı-faydalı və bərabərhüquqlu əməkdaşlığın dərinləşdirilməsi Aİ-yə mühüm iqtisadi mənfəət və siyasi dividend vəd edir. Ona görə də qarşıdakı dövrdə növbəti siyasi-iqtisadi təmasların, regionda intensiv diplomatik trafikin şahidi olacağıq desək, yanılmarıq”.