Soçi görüşündən sonra Ermənistanda yenə mitinqlər keçiriləcək

Paşinyanın dünənki çıxışı isə kütləni müəyyən qədər sakitləşdirmək üçün önəmli idi

Ermənistanda “5165” hərəkatının tərəfdarları yenidən etiraz aksiyasına başlayıblar. Onlar İrəvanda bir neçə metro stansiyasına girişi əngəlləyiblər. Parlamentdənkənar qüvvələrin təmsil olunduğu hərəkat hər kəsi saat 18:30-da Respublika meydanına toplaşmağa çağırıb. Aksiyaya etiraz edənlər də olub. Sərnişinlər bildiriblər ki, bütün bunlar onlar üçün xoşagəlməz vəziyyət yaradır.

Polis artıq aksiya iştirakçılarını saxlamağa cəhd edib. “5165” hərəkatı noyabrın 22-dən İrəvanda etiraz aksiyaları keçirir. Onlar Ermənistanın Baş naziri Nikol Paşinyandan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı sənədin məzmununu ictimaiyyətə açıqlamasını tələb edirlər.

Mövzu ilə bağlı “Şərq”ə açıqlama verən politoloq Elman Vəliyev belə bir mitinqin olmasının gözlənildiyini deyib.  Politoloq qeyd edib ki, fürsətdən istifadə edən Paşinyan əleyhdarları daha da aktivləşdilər: “Azərbaycan tərəfi ilə Soçidə görüşün keçirilməsinin planlaşdırılması və bu görüşdə delimitasiya və demarkasiyası məsələsi barədə müsbət müzakirələrin aparılacağı xəbəri xalqda etiraz dalğası yaratdı. Əslində bunu xalq deyil, iğtişaş salmaq istəyən qruplar etdi. Ermənistan üçün ən optimal variant Azərbaycanla uzlaşmasıdır. Xalq onsuz da bilir ki, Ermənistan məğlub oldu və Qarabağ sahibinə qovuşdu. Yaxşı bilirlər ki, razılığa getməsə belə Ermənistan dirçələn deyil, amma Paşinyan ən doğru seçimi edir”.
 
Politoloq qeyd edib ki, Soçi görüşündə və ondan sonra Ermənistanda yenə də etiraz aksiyaları davam edəcək:

 “Çünki həmin görüşdə iki tərəf kompramisə getməyə çalışacaq. Paşinyanın dünənki çıxışı isə kütləni müəyyən qədər sakitləşdirmək üçün önəmli idi. Paşinyan öz hakimiyyətindən ehtiyat etdiyi üçün çox məqamı aşkar eləmir. Paşinyan bilirdi ki, ona qarşı etirazlar olacaq, lakin ixtiyar Paşinyanda deyil. Paşinyan əmir quludur, yuxarıdan nə deyirlərsə, o da olmalıdır. Kreml nə tələb edirsə, Paşinyan etməyə məcburdur. Əsas məsələ bundan sonra Paşinyan kreslonu saxlaya biləcəkmi? Zənn etmirəm ki, Paşinyan tez hakimiyyətdən devrilsin. Soçi görüşü kompromis əsasında olacaq. Yəni Ermənistana da güzəştlər ediləcək, Ermənistan blokadadan çıxa bilər”.