Rusiya Türk Dövlətlər Birliyinin mərkəzində yer almaq istəyir


Ermənistan məhz Kremlin göstərişi ilə Zəngəzur dəhlizinin açılmasını ləngidir

“Rusiya Türk Dövlətləri Birliyinə daxil olmaq üçün Zəngəzur dəhlizinin açılmasından təzyiq kimi istifadə edir”. 
Bu fikirləri  BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. Onun sözlərinə görə, Ermənistanın dəhliz məsələsini uzatmaq cəhdi Rusiyanın göstərişidir: “Ancaq Ermənistan buna çoxdan razıdır. Rusiya çalışır ki, türk dövlətləri onun bu birliyin ən əhəmiyyətli qovuşmaq nöqtəsinin açılmasında nə qədər rol oynadığını, buna çalışdığını göstərsin. Bu baxımdan da üzdə Zəngəzur dəhlizinin açılmasına razı kimi görünsə də, arxa planda bunu Ermənistan vasitəsi ilə ləngidir. 

Rusiya TDB-nin real olduğunu, buna mane ola bilməyəcəyini yaxşı başa düşür. Peskovun D.Baxçalının Ərdoğana verdiyi Turan xəritəsinə reaksiyasından da görmək olur ki, Rusiya bu birliyin mərkəzi olmaq istəyir. Bu, Rusiyanın gerçək istəyidir və buna hətta yaratdığı digər qurumlardan da ciddi yanaşır. Çünki bu, Rusiyanın gələcəyini təyin edəcək məsələdir. Rusiya yaratdığı qurumlara məcburən ölkə cəlb etməkdənsə, könüllü şəkildə yaradılan və tarixi kökləri olan Turan Birliyindən istifadə etməyi daha üstün tutur. Bəlkə də bu, Rusiya baxımından bu günə kimi apardığı siyasətin içərisində ən doğrusu olardı. Rusiyanın bu birliyə ilk vaxtlar Macarıstan kimi müşahidəçi statusu ilə daxil olması hesab etmək olar ki, müsbət haldır. Bu, türk xalqlarının inteqrasiyasını daha da sürətləndirəcək, onlar arasında əlaqələrin daha da inkişaf etdirilməsinə yardımçı olacaq ki, bu da bir çox problemlərin həllini asanlaşdıracaq”.