Paşinyanın separatçılara pul ayırması təcavüz faktorudur


Soçi görüşündə Ermənistanın baş nazirinin qarşısında şərt qoyulmalıdır

Ermənistan Qarabağdakı separatçılara 13.5 milyard (28 milyon dollar) dram məbləğində “dövlətlərarası” kredit verəcək. Qərar Ermənistan hökumətinin dünən keçirilən iclasında qəbul edilib. Ermənistan Maliyyə naziri Tiqran Xaçatryanın sözlərinə görə, vəsaitin 6,5 milyard dramı (təqribən 14 milyon dollar) maaşların, 1,2 milyard dramı (2.5 milyon dollar) təqaüdlərin, 349 milyon dramı (731 min dollar) isə müavinətlərin ödənilməsinə sərf ediləcək. Vəsaitin qalan hissəsi isə “yerli idarəetmə” orqanlarına və elektrik enerjisi, qaz və rabitə xərcləri, səhiyyə üçün nəzərdə tutulub. İclasda cari ilin əvvəlindən bəri separatçı rejimə müxtəlif yollarla 120 milyard dramdan çox pul ayrıldığı da qeyd edilib. Paşinyanın yenə separatçılara pul ayırmaqda məqsədi nədir?

Sualımızı cavablandıran AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Şərq”ə açıqlamasında deyib ki, Paşinyanın əsas məqsədi Qarabağı Azərbaycandan qopartmaqdır:

 “Paşinyanın son çıxışları da buna sübutdur. Paşinyan yenə əsl üzünü, niyyətini, xislətini ortaya qoydu. Hesab edirəm ki, Soçidəki görüşdə İlham Əliyev Paşinyanın qarşısına şərt qoymalıdır. Ya Ermənistan Qarabağdan əl çəkməlidir rəsmi sürətdə, ya da Azərbaycan 10 noyabr razılaşmasından tam çıxmalıdır. Ümumiyyətlə, Azərbaycanın buna hüququ da var. Öz qalan ərazilərini də 44 günlük müharibədəki kimi qaytarmalıdır. Azərbaycan ərazisində sən kimsən ki, kiməsə də pul ayırasan? Bu, konkret təcavüz faktorudur, buna da cavab verilməlidir ki, bir də heç vaxt ağıllarına belə şeyləri gətirməsinlər. Əks halda 44 günlük müharibədə atdığımız uğurları siyasi masada da verə-verə gedəcəyik. Axırda görəcəyik ki, heç də yaxşı vəziyyətdə deyilik”.