Soçidə imzalanan  bəyanatda ölkəmizin mövqeyi  tam  təmin olunub  - Siyasi-şərhçi

“Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Soçidə baş tutan görüşə diqqət həddən artıq böyük idi. O səbəbdən ki, 44 günlük Vətən müharibəsinin birinci ildönümü ərəfəsində və ondan sonrakı günlərdə Ermənistanın sərhəddə törətdiyi təxribatlar intensivləşmiş, gərginlik yenidən pik həddə yüksəlmişdi. 16 noyabr tarixində Ermənistanın genişmiqyaslı təxribatı isə hər iki tərəfdən insan itkisi ilə nəticələnmişdi. Bunun ardınca son günlər Paşinyanın verdiyi ziddiyyətli açıqlamalar, üstəlik Ermənistanın problemi ATƏT-in Minsk Qrupu çərçivəsinə daşımaq, prosesi uzatmaq niyyətini açıq şəkildə ortaya qoyması onsuz da kövrək olan sülhü sual altına almışdı. Ermənistan bir ildən sonra açıq formada 10 noyabr tarixli bəyanatda əksini tapan həllini gözləyən digər müddəalarını icra etməkdən yayınmaq xətti götürmüşdü”.

Sherg.az xəbər verir ki, bu sözləri siyasi-şərhçi Elman Babayev deyib. Onun sözlərinə görə, 44 günlük müharibənin qalibi olan Azərbaycanın isə tələbləri ilk gündən bəllidir:

 “Müharibə arxada qalıb, Dağlıq Qarabağ mövzusu bitib, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımalı, gələcəkdə yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində iş başlanılmalıdır.Soçi görüşünə məhz Azərbaycanın maraqlarının nə dərəcədə təmin olunması kontekstindən yanaşsaq, nəticələri müsbət qiymətləndirmək mümkündür. Birincisi, sənəddə regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə, o cümlədən dəmir və avtomobil yollarının açılması ilə əlaqədar layihələrin tezliklə həyata keçirilməsi məqamları əksini tapıb. Hansı ki, Azərbaycan ilk gündən bunun bir an öncə baş verməsi üçün lazımi addımlar atmağa hazır olduğunu bəyan edib, öz mövqeyində səmimiliyini göstərən addımlar atıb. İkincisi, sənədə uyğun olaraq iki ölkə arasında delimitasiya prosesi başlanılacaq ki, bu da Azərbaycanın tələbləri sırasında öndə dayanırdı. Bu iki məqam üçtərəfli görüşdə Azərbaycanın qarşısına qoyduğu məqsədlərə nail olduğunu isbat edir. Bundan başqa, hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapdı. Və bu, olduqca önəmli məqamdır. Çünki görüş öncəsi Ermənistanın bəlli tələbləri var idi və onların heç biri imzalanan sənəddə mövcud deyil. Ən əsası Ermənistanın prosesi uzatmaq, onu yenidən Minsk Qrupunun ixtiyarına vermək cəhdləri iflasa uğradı. Paşinyan hətta görüş başlayanda da bu məsələni ortaya atmışdı, amma nəticə arzu etdiyi kimi olmadı. Eyni zamanda, yekun sənəddə erməni tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə də toxunulmayıb ki, bu da Azərbaycanın mövqeyinin bir daha üstünlük qazanmasını sübuta yetirir”.

E.Babayev əlavə edib ki, başqa bir vacib məqam bəyanatda Dağlıq Qarabağ ifadəsinin olmamasıdır: 

“Bu, Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin real ifadəsidir. Prezident İlham Əliyev münaqişədən sonra bəyan etmişdi Dağlıq Qarabağ adda ərazi və münaqişə artıq mövcud deyil. Ölkə başçısının imzaladığı Fərmanla Azərbaycanın yeni iqtisadi rayonları yaradılıb və Dağlıq Qarabağ ifadəsi arxivə qovuşub.Prosesdə Rusiyanın məşvərətçi rolda olmaqla yaxın gələcəkdə sərhədlərin delimitasiya və demarkasiyasına başlanılması, kommunikasiyaların açılması da ölkəmizin maraqlarına tam cavab verir. Bununla qeyd etdiyimiz kimi, münaqişənin Minsk Qrupu çərçivəsinə daşınması niyyətinin qarşısı alındı. Məsələlərə emosiyaya qapılmadan yanaşsaq, prosesin Rusiyanın təsir dairəsində qalması Azərbaycan üçün əlverişlidir, nəinki Ermənistan üçün. Belə olmasaydı, Paşinyan əks mövqe tutub, Avropa İttifaqının, ATƏT-in dirijorluğu ilə prosesin yürüdülməsinə can atmazdı. Ona diqqət yetirmək lazımdır ki, bu gün qeyd olunan məsələlərdə Rusiya ilə Azərbaycanın mövqeləri üst-üstə düşür. Rusiya Azərbaycanla eyni mərama xidmət edən mövqe sərgiləyir: sərhədlərin və ərazi bütövlüyünün tanınması, kommunikasiyaların açılması. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında dəfələrlə dəhliz ifadəsini işlətdi. Bu, Rusiyanın Zəngəzur dəhlizi layihəsini dəstəkləməsini əyani şəkildə nümayiş etdirdi. Bu gün Azərbaycan - Rusiya əlaqələri strateji səviyyədədir. Prezident Putin bu prosesdə müsbət rol oynayır və əlaqələrin inkişafına töhfələrini verir. 10 noyabr tarixli və 26 noyabrda imzalanan bəyanatların altında Putinin imzasının olması bu sənədlərin həyata keçirilməsinə olan şübhələri aradan qaldıran mühüm faktdır. Rusiyanın bölgəyə, xüsusilə Ermənisatana təsir imkanlarını nəzərə alsaq, Ermənistanın bu sənədlərdə əksini tapan məsələləri icra etməkdən başqa yolu qalmır. Beləliklə, imzalanan növbəti bəyanatda ölkəmizin mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin olunub. Azərbaycan növbəti dəfə Vətən müharibəsindəki Qələbəsini və münaqişə sonrası mərhələdə üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsi, bölgədə bütün kommunikasiyaların açılması, iki ölkə arasında delimitasiya prosesinin başlanması və münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşması mövqeyini rəsmiləşdirib”.