"Rusiya prezidenti Zəngəzur dəhlizi haqqında Azərbaycanın mövqeyini tam ifadə etmiş oldu” - Politoloq

“Noyabrın 16-da sərhəddə baş verən gərginlik bir reallığı növbəti dəfə ortaya qoydu. Bəlli oldu ki, tərəflər arasında problem tam həll olunmayınca, əbədi sülh müqaviləsi imzalanmayınca, bu cür gərginliklər davam edəcək. Yəni üçtərəfli bəyanatın həyata keçməyən bəndləri üzərində formalaşan risklər bölgədə hər zaman münaqişə, qarşıdurma təhlükəsi yaradır”. 

Bu fikirləri “Sherg.az”a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib. Həyata keçməyən bəndlərə gəlincə, politoloq vurğulayıb ki, bunların başında delmitasiya və demarkasiya məsələləri dayanır: 

“Məhz bu məsələlərin öz həllini tapmaması səbəbindən Ermənistan tərəfindən sərhəddə təxribatlar törədilir ki, bu da ümumilikdə sülh prosesinə kölgə salır. Ona görə də ilk növbədə bu məsələ həllini tapmalıdır ki, burada da məsuliyyət Ermənistanın üzərinə düşür. Rusiya bu ilin mayında bəhs edilən məsələnin həllini tapması üçün ortaya konkret mövqe qoyub. Rusiya bu məsələnin tezliklə həlli üçün birgə komissiyanın yaradılmasını təklif edib. Yəni Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah İdarəsində olan xəritələr əsasında fəaliyyət göstərəcək bu komissiyanın formalaşması ümumilikdə prosesi irəli apara bilər. Amma məhz həmin vaxt “irəlidə seçki var. Mənim başım seçkiyə qarışıb”deyən Ermənistanın Baş naziri Nikol Paşinyan bu prosesin seçkidən sonra həyata keçirilməsini istədi. Əslində o, bununla özünün hakimiyyətdə qalmasını, yəni Rusiya, həmçinin regionda sülhün təmin olunmasında maraqlı olan digər ölkələr tərəfindən dəstəklənməsini təmin etdi. Amma seçkidən sonra biz Ermənistanın silsilə təxribatları ilə üzləşdik. Bölgədəki kövrək sülhün pozulması istiqamətində Ermənistan tərəfindən davamlı addımlar atıldı”. 
Noyabrın 26-da baş tutan üçtərəfli Soçi görüşünün bir sıra məqamlarla yadda qaldığına diqqət çəkən politoloq əlavə edib ki, bu görüşü böyük sülhə hazırlama prosesi kimi dəyərləndirir:
 “Öncəliklə ümumilikdə ötən bir il pozitiv dəyərləndirildi. O istiqamətdə ki, Rusiya və Azərbaycan öz öhdəlik və məsuliyyətlərini yerinə yetirirlər. Ermənistan tərəfi isə öhdəlik və məsuliyyətində dürüst deyil. Ammu bu o demək deyil ki, Ermənistan tərəfinin məhz kommunikasiyaların açılması və Ermənistan yollarının de-blokadası təşəbbüsləri çərçivəsində təxribatlarına göz yumulacaq. Görüşdə qeyd olundu ki, demarkasiya və delimitasiya üzrə komissiya mütləq olmalıdır. Ümumilikdə, bu görüş bir daha o qənaəti formalaşdırdı ki, Zəngəzur dəhlizi açılmalıdır və açılır. Ermənistan isə demarkasiya və delimitasiya məsələlərində gedən prosesi sabotaj etməməlidir. Nəhayət, bu görüşü böyük sülhə hazırlama prosesində mühüm addım kimi dəyərləndirirəm. Hesab edirəm ki, Azərbaycan bu görüşdə qarşısına qoyduğu məqsədlərə nail oldu və hər hansı bir şərt olmadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə tam şəkildə öz əksini tapdı. Xüsusi məqamı da diqqət çəkim ki, görüşdə Ermənistan tərəfinin təxribatlar üçün əsas kimi formalaşdırdığı iki məqama toxunulmadı. Onlardan biri, sənəddə Qarabağ ifadəsinin olmaması, ikincisi isə erməni tərəfin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə toxunulmaması idi. Bu da Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin bu görüşdə bir daha təsdiqlədi. Mətbuat konfransında dəfələrlə Rusiya prezidenti bir neçə dəfə dəhliz ifadəsini işlətdi ki, bu da Zəngəzur dəhlizi haqqında Azərbaycan mövqeyini tam ifadə etmiş oldu”.