Gürcüstanın baş naziri səmimi danışmır

Vasif Əfəndiyev: “Rusiya-Gürcüstan münasibətləri oliqarx İvanişvili tərəfindən tənzimlənir”

Gürcüstan müxalifətinin hökuməti tənqid və ittiham etdiyi əsas məqamlardan biri “Gürcü Arzusu”nun Rusiyaya bağlılığı, Kremli qəzəbləndirəcək addımlar atmaqdan çəkinməsi ilə bağlıdır. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ittihamlara münasibət bildirib. Baş nazir deyib ki, Gürcüstanın Rusiya ilə siyasi məsələlər üzrə birbaşa əlaqələri yoxdur. Qaribaşviliyə görə, iki ölkə arasında yeganə təmas Abaşidze-Karasin formatı çərçivəsindədir: “Bu format yalnız ticari-iqtisadi və mədəni münasibətləri əhatə edir. Rusiya Gürcüstanın suverenliyinə hörmət etmir və ərazilərimizin işğalını davam etdirir. Bu, bizim münasibətlərimizdə əsas maneədir”. 

Qaribaşvilinin qənaətincə, Rusiya ilə birbaşa dialoq böyük səylər tələb edir: “Bu cür təmaslar nəticəyə hədəflənməlidir, görüş xətrinə görüş olmamalıdır. Hər hansı bir təmas və ya görüşün təşkili üçün yaxşı hazırlıq tələb olunur”. Baş nazir bildirib ki, hər bir normal dövlət öz milli maraqlarına uyğun hərəkət edir və etməlidir: “Bizim əlbəttə ki, digər ölkələr, qonşularımız kimi öz maraqlarımız var. Buna görə də hesab edirəm ki, bu cür görüşlər üçün yaxşı hazırlıq lazımdır”. Xatırladaq ki, son günlərdə “3+3” formatı geniş müzakirə olunmaqdadır. Artıq region ölkələri bununla bağlı öz mövqelərini ortaya qoyublar. Moskva Azərbaycan və Türkiyənin davamlı gündəmə daşıdığı “altılıq” platformasına qarşı çıxmır. Lakin rəsmi Tbilisi ərazilərinin işğal faktını əsas gətirərək, Rusiyanın yer aldığı platformalarda təmsil olunmamaqda israrlıdır. 

Gürcüstan baş nazirinin açıqlamasını “Sherg.az”a dəyərləndirən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Qafqazda problemlərin çözülməsi üçün Gürcüstanın təklif edilən 3+3 formatından imtina etməsi ilk növbədə bu ölkənin maraqlarına ziddir. Analitikə görə, Qaribaşvili “altılıq” adlanan əməkdaşlıq formatından imtinanı Rusiya ilə münasibətlərin gərgin olması ilə əsaslandırsa da, əslində həqiqət başqadır: 

“Əvvəla, bu gün Rusiya-Gürcüstan münasibətləri oliqarx və hazırda de-fakto ölkənin bütün strukturlarına nəzarət edən İvanişvili tərəfindən tənzimlənir. İvanişvili isə Putinin yaxın və sadiq adamıdır. İndiki şəraitdə Gürcüstan Rusiyaya qarşı xarici siyasətini arxa bağça hesabına həyata keçirir. Hesab edirəm ki, bu məsələdə Gürcüstan səmimi deyil və Azərbaycandan müəyyən istəkləri var. Gürcüstanın “altılıq” formatına qatılması əslində onun siyasi maraqlarına uyğundur. Bu addım torpaq bütünlüyünün gələcəkdə danışıqlar yolu ilə bərpasına da zəmin yaratmış olardı”.