Regionda reallıqlar Tehranı yanlış yoldan döndərdi


İbrahim Rəisi Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqlədi

İƏT-in XV Zirvə Toplantısının ardınca liderlər arasında ikili görüşlər baş tutdu. Bu görüşlərdən ən diqqət çəkəni isə bəlkə də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutan görüşü idi. Rəsmi Bakı və Tehran arasında davam edən və rəsmi Tehrandan qaynaqlanan soyuq münasibətlər fonunda bu görüşün necə keçəcəyi hər kəs üçün maraqlı idi. 

Görüşlə bağlı fikirlərini “Şərq”lə bölüşən siyasi-şərhçi Turan Rzayev bildirib ki, Rəisinin sözlərinə Qarabağ məsələsi ilə başlaması və İranda İslam İnqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurların hamısının mövqeyinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır” deməsi Tehranın səhvini anladığını göstərdi. Analitik bildirib ki, bununla  da İran Bakıyla gərginliyin uzadılmasının mənasız olduğunu dərk etdi: 

“Hesab edirəm ki, Rəisi “İnqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurların hamısının mövqeyini” deyərək bir müddət öncə aktual olan “şirin quyruğu” məsələsini birdəfəlik qapatmaq istəyir. Prinsip etibarilə İranla gərginliyin davam etməsi rəsmi Bakı üçün də arzuolunan hal deyil. Onsuz da məsələnin bu qədər böyüməsi İranın günahı idi. Rəsmi Bakı sadəcə özünü müdafiə edirdi. İndiki halda Azərbaycan üçün İranla gərginlikdən çox əməkdaşlıq daha vacibdir. Məsələ ondadır ki, Türkmənistan ilə Azərbaycan arasında türkmən qazının Azərbaycana ixracı, buradan da Avropa bazarına çıxmasına dair razılıq var. Bunun reallaşması isə hələ ki, İran üzərindən mümkündür”.
Aynurə Pənahqızı