Rusiya-Azərbaycan əlaqələri bütün sahələri əhatə etməkdədir


Önəmli amillərdən biri də odur ki, iki ölkənin rəsmi şəxsləri arasında qarşılıqlı səfərlərin dinamikası yüksək səviyyədədir

“Rusiya-Azərbaycan münasibətləri bütün parametrlər üzrə yüksək inkişaf tempinə malikdir. Cənab Prezident İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfəri həm Rusiya-Azərbaycan arasında qarşılıqlı fəaliyyətin, həm də regional problemlərin önəmli istiqamətlərinin müzakirə edilməsi baxımından olduqca vacibdir. Rusiya-Azərbaycan əlaqələri siyasi, iqtisadi, humanitar, təhsil və digər sahələrdə sürətlə inkişaf edərək, münasibətlərimiz strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşıyır”. 

Bu sözləri “Şərq”ə açıqlamasında politoloq Şəbhəm Həsənova deyib.

Politoloq qeyd edib ki, önəmli amillərdən biri də odur ki, iki ölkənin rəsmi şəxsləri arasında qarşılıqlı səfərlərin dinamikası yüksək səviyyədədir: “Son bir həftədə Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib. Nəzərə alsaq ki, iki ölkə arasında ticarət dövriyyəsi yüksəlir, deməli, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük maraq var. Bu baxımdan da sadəcə siyasi sahədə deyil, iqtisadi sahədə də ciddi addımlar atılır. Pandemiya və bundan irəli gələn iqtisadi məhdudiyyətlərə baxmayaraq, cari ilin ilk doqquz ayı ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 11 faiz artıb. Həftə ərzində isə Rusiya Ekspert Mərkəzinin, "Rosekzimbank"ın, ümumilikdə, Rusiyanın 30-dan çox şirkətinin iştirak etdiyi biznes konfransı keçirilib”.

Bu səfərlərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına çox mühüm töhfə verdiyini deyən politoloq əlavə edib ki, həm Rusiya, həm də Azərbaycan qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin daha da yüksəldilməsində maraqlıdırlar:

 “Hazırda Azərbaycanla Rusiya arasında 7 yol xəritəsi icra olunur ki, bu da iqtisadiyyat və humanitar sahələrin əksər istiqamətlərini özündə ehtiva edir. Təhsil sahəsində də qonşu ölkələrin münasibətləri yüksək səviyyədədir. Azərbaycanda 300-dən çox rusdilli məktəb var. Azərbaycan məktəblilərinin 34 faizi rus dilində təhsil alır və ya rus dilini öyrənir. Rusiyada azərbaycanlı tələbələrin təhsil almasına əlverişli şərait yaradılıb ki, 15 minə yaxın azərbaycanlı gənc Rusiyada təhsil alır. Azərbaycan tərəfi ötən bir illik zaman kəsiyində müharibənin mənfi nəticələrinin aradan qaldırılması, nəqliyyat və kommunikasiyaların açılması məsələsində maksimum konstruktiv mövqe sərgiləyib. İndiki məqamda isə regionda gələcək normal həyat üçün tarixi şərait mövcuddur. 44 günlük müharibədən sonra imzalanmış 2020-ci il 10 noyabr bəyanatından keçən zaman ərzində baş verən kiçik insidentlərin sistem xarakteri daşımadığını nəzərə alsaq, indiyə qədər Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə ciddi insident baş verməyib. Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan toqquşmalara, risklərə nəzarət etmək, onları minimuma endirmək və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, habelə üçtərəfli formatda müzakirəsini tələb edir”.