Kreml Qərbə mesajını verdi

"Cənubi Qafqazdakı proseslərin başında Rusiya dayanır"

"Soçidə keçirilən üçtərəfli görüş Brüsseldə baş tutacaq görüşün əhəmiyyətini azaltmaq məqsədi daşıyırdı"

Soçi görüşü bütün mənalarda Azərbaycan üçün uğurlu oldu. Xatırladaq ki, ötən il noyabrın 10-da imzalanmış bəyanatın ildönümü ərəfəsində Rusiyada üçtərəfli görüşün keçiriləcəyi deyilsə də, Ermənistan Baş naziri Nikol Paşinyan görüşdən müvəqqəti yayına bildi. Bundan sonra tərəflərin dekabrın 15-də Brüsseldə görüşəcəyi məlum oldu. Analitiklər Paşinyanın bütün ümidlərini Brüssel görüşünə bağladığını bəyan edirdilər. 

Manevr imkanlarının tam tükəndiyini aydın dərk edən Paşinyan Avropada ən azından vaxt udmaqla, ağır məğlub durumda hər hansı bir sənədi imzalamaqdan yayınmağa ümid edirdi. Lakin Soçidə baş tutan görüş, imzalanan növbəti bəyanat və Rusiya rəhbərliyinin sərgilədiyi mövqe Paşinyanın ümidlərini alt-üst etdi. Ermənistanın baş naziri Rusiya dövlət başçısına Azərbaycandan giley-güzar etsə də, Kreml rəhbərinin dilindən arzuladığı sözləri eşidə bilmədi. Görüş əsnasında həm Azərbaycan, həm də Rusiya prezidentləri sərhədlərin delimitasiyanın və demarkasiyanın aparılmasının vacibliyindən çıxış etdilər. Qeyd olundu ki, sərhədlərin müəyyənləşməsindən sonra isə tərəflər qarşılıqlı şəkildə biri-birlərinin ərazi bütövlüklərini tanımalı və yekun sülh sazişi bağlanılmalıdır. Tərəflərin ötən ilin noyabrında, bu ilin yanvarında imzalanmış bəyanatlara istinad edəcəyi Soçi sənədində də ifadəsini tapdı. Rusiya Prezidenti Putin Brüssel görüşünə qədər nəticələrin əldə edilməsinin vacibliyini vurğuladı. O, Brüssel görüşünün sırf deklarativ xarakterli olması üçün bütün addımların atılacağına işarə etdi. Bu baxımdan bir çox ekspertlər Soçi görüşünün Brüsseldə keçiriləcək görüşü əhəmiyyətsiz etdiyini iddia edirlər. Onların fikrincə, indiki halda tərəflərin hansı məsələdə real razılıq əldə etməsi mümkün idisə, Soçi Bəyannaməsində əksini tapdı. 

Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli hesab edir ki, Soçidə Rusiyanın təşəbbüsü ilə keçirilən üçtərəfli görüş Brüsseldə baş tutacaq görüşün əhəmiyyətini azaltmaq məqsədi daşıyırdı. Analitikin sözlərinə görə, Moskvanın tələsik davranmasının əsas səbəbi dünyaya “Cənubi Qafqazdakı proseslərin başında Kreml dayanır” mesajını vermək idi: 

“Moskva Qərbə göstərir ki, Azərbaycan-Ermənistan arasında əsas vasitəçi güc Rusiyadır. Brüssel görüşü ilə bağlı proqnozlar bəllidir. Hətta öncəsində Soçi görüşü olmasaydı belə Brüsseldə reallaşacaq təmasın ciddi əhəmiyyət kəsb etmədiyi məlum idi. Brüssel görüşünün keçirilməsində məqsəd ATƏT-in Minsk qrupunu yenidən danışıqlara cəlb etməkdir. Qərbdə keçiriləcək görüşlərdə Türkiyə yoxdur. ABŞ və Avropanın qayəsi Türkiyəni proseslərdən kənarlaşdırmaq, əl-qolunu bağlamaqdır. Amma Rusiyanın vasitəçiliyi ilə reallaşan təmaslarda dolayısı yolla Ankara hökuməti də iştirak edir. Moskva regionla bağlı Ankaranın mövqeyini nəzərə alır və Türkiyə ilə hesablaşır. Soçi görüşünün nəticələri barədə isə bir müddət sonra daha ətraflı fikir bəyan etmək mümkün olacaq”.