Ermənistan bəyanatın müddəalarına əməl edəcək

Soçi danışıqları Azərbaycanın qələbəsini bir daha təsdiqlədi

Diplomatik nailiyyətlər göstərir ki, proseslər Zəngəzur dəhlizinin açılmasına doğru aparır

Rusiyanın Soçi şəhərində Prezidenti İlham Əliyev, Rusiya rəhbəri Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutmuş üçtərəfli görüş bir daha Azərbaycanın qələbəsinin təsdiqi oldu. Görüş göstərdi ki, Ermənistan məğlub dövlət kimi bundan sonra da bəyanatda nəzərdə tutulan müddəalardan yayına bilməyəcək. Rusiya və Azərbaycan prezidentlərinin nitqində, görüşün sonunda imzalanan Bəyanatda bir daha 10 noyabr və 11 yanvar razılaşmalarının bütün bəndlərinin icra olunması, sərhədlərin delimitasiya və demarkasiya işlərinə başlanılması üçün birgə komissiyanın yaradılması, nəqliyyat-logistika şəbəkəsinin açılmasının vacibliyi kimi məsələlər xüsusi yer aldı. Soçi görüşündə imzalanan Bəyanat, prinsipcə, 10 noyabr və 11 yanvar bəyanatlarının məntiqi davamıdır. 

Prezident İlham Əliyev üçtərəfli görüşdə Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırdı. Ölkə başçısı çıxışında sərhədlərlə bağlı məsələyə də toxundu: “Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. 

Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq”. Rusiya Prezidenti Vladimir Putin də mətbuata bəyanatında dövlət başçısı İlham Əliyevin toxunduğu məsələlər ətrafında danışdı. Rusiya prezidentinin fikirləri bir daha göstərdi ki, Zəngəzur dəhlizi layihəsi rəsmi Moskva tərəfindən ən ali səviyyədə dəstəklənir.

Soçi görüşünün əhəmiyyəti barədə “Şərq”lə fikirlərini bölüşən millət vəkili Anar Məmmədov deyib ki, Soçidə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, proseslər Zəngəzur dəhlizinin açılmasına doğru aparır. Deputatın fikrincə, Soçi görüşünün nəticəsi kimi ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyi “mina xəritələri” məsələsində də müsbət irəliləyiş olacaq: 

“Şübhəsiz, bu, Azərbaycanın böyük siyasi uğurudur. Xüsusilə, qəbul olunan Bəyanatda Rusiya prezidentinin dəfələrlə “dəhliz” ifadəsini işlətməsi, “Qarabağ” ifadəsinə yer verilməməsi, Ermənistan tərəfinin hər zaman iddia etdiyi əsirlər və ya girovlar məsələsinə toxunulmaması, sərhədlərin delimitasiya və demarkasiyasına çağırışlar edilməsi, bütövlükdə müzakirə olunan məsələlər Azərbaycanın mövqeyini tam əks etdirir. Təbii ki, qazanılmış bu uğur rəsmi Bakı və Moskva münasibətlərinin konstruktiv səciyyəli olmaqla qarşılıqlı maraqlar üzərində qurulmuş ikitərəfli əlaqələrin strateji əsası qismində çıxış edir. Bütün bunlar Rusiya-Azərbaycan münasibətlərinin dinamik, davamlı inkişafa malik olduğunu göstərir. Bəzi ermənipərəst qüvvələr isə tərəflər arasındakı regional sabitlik, təhlükəsizlik və inkişafa xidmət edən münasibətlərin pozulmasında maraqlıdırlar. Amma əminliklə söyləmək olar ki, Rusiya-Azərbaycan münasibətlərinin pozulmasında maraqlı olan qüvvələrin cəhdləri iflasa məhkumdur. Bura Nikol Paşinyan tərəfindən atılan düşünülməmiş addımlar da daxildir”. 

A.Məmmədov əlavə edib ki, bütövlükdə, Soçidəki üçtərəfli görüşün nəticələri Azərbaycan üçün müsbət və əhəmiyyətlidir. Yeni bəyanatda da məhz Prezident İlham Əliyevin mövqeyi və irəli sürdüyü, Rusiya prezidentinin də dəstəklədiyi məsələlər öz əksini tapdı:

 “Bəyanata əsasən tərəflər Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmaq və dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə şərtləşdilər. Eyni zamanda tərəflər regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdilər və regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladılar. Soçi görüşü tamamilə fərqli mənzərəni nümayiş etdirdi. Bu görüş 10 noyabr Bəyanatının imzalanmasından ötən bir ilin yekunu kimi də dəyərləndirilə bilər. Ümumilikdə, Soçi görüşü Azərbaycanın diplomatik qələbəsidir. Azərbaycanın güclənən mövqeyi görüşdə imzalanan Bəyanatın müddəalarında öz əksini tapıb. Bütün bunlar göstərir ki, rəsmi Bakı Soçi görüşündə qarşısına qoyduğu bütün məqsədlərə tam nail oldu. Bu qələbədə 2021-ci il noyabrın 16-da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öz mövqelərini daha da gücləndirməsi böyük rol oynadı”.