Yeni layihələrə imza atılacaq

Liderlərin görüşündən belə nəticəyə gəlmək olar ki, Pakistanla iqtisadi əməkdaşlığın miqyası daha da genişlənəcək

Noyabrın 28-də Aşqabadda Prezident İlham Əliyev Pakistan İslam Respublikasının rəhbəri Arif Alvi ilə görüşüb. Görüşdə iki ölkə arasındakı əlaqələrdən məmnunluq ifadə olunub. Artıq keçmişdə qalmış Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Pakistanın tutduğu qəti və prinsipial mövqeyi xüsusi olaraq qeyd edilib. Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. 

Ələlxüsus, hökumətlərarası komissiyanın rolu vurğulanıb, yaxın zamanlarda komissiyanın növbəti iclasının keçiriləcəyi bildirilib. Həmçinin, son dövrlərdə iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli səfərlərin əhəmiyyətindən bəhs olunub. Ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Dünyada artan islamafobiya meyilləri ilə bağlı narahatlıq ifadə edilib. Bununla yanaşı, prezidentlərin görüşündə ölkələrimiz arasında insanlararası təmasların artırılmasının və turizm, biznes dairələri, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyindən danışılıb. 

Vurğulamaq lazımdır ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr quran, Bakıda səfirliyini açan ilk dövlətlərdən biridir. Pakistan ölkəmizə ən yaxın dost və qardaş ölkələrdən biri kimi, bütün beynəlxalq təşkilatlarda Azərbaycanı xüsusi olaraq müdafiə edir. Pakistan-Azərbaycan arasındakı münasibətlər özünü strateji tərəfdaşlıq sahəsində də büruzə verir. Azərbaycan xalqı Pakistanın ölkəmizə olan dəstəyini 44 günlük Vətən müharibəsi zamanı da hiss etdi. Rəsmi İslamabad müharibə dövründən sonra da daim Azərbaycanın yanında oldu. 

İki ölkənin yaxın münasibətləri ilə bağlı “Şərq”ə danışan “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov bildirib ki, Pakistan-Azərbaycan əlaqələrinin tarixi kökləri var. Siyasi şərhçi diqqətə çatdırıb ki, Pakistan hər şəraitdə açıq şəkildə Azərbaycan dövlətinin və xalqının yanında olduğunu bəyan edib: 

“Dost Pakistanın sadəcə sözlə deyil, öz əməlləri ilə də birmənalı şəkildə Azərbaycanı dəstəkləyib. Nəzərə alaq ki, BMT qətnamələrinin bir neçə məhz Pakistanın qeyri-daimi üzvlüyü dövründə qurum tərəfindən qəbul olundu. Pakistan sırf Azərbaycana görə Ermənistanı dövlət kimi tanımaqdan imtina edib. Bu məqamlar bizim üçün çox əhəmiyyətlidir. Hazırda siyasi-mədəni sahədə əlaqələrimiz kifayət qədər yüksəkdir. 

Pakistan rəhbərliyi və digər rəsmilər iştirak etdikləri bütün beynəlxalq platformalarda Azərbaycana mənəvi dəstək verib. Bu ölkənin seçilən və yeni vəzifəyə başlayan rəhbərləri mütləq Azərbaycana səfər edirlər. 

Amma iqtisadi sferada əməkdaşlığımız qənaətbəxş deyil. Liderlərin görüşündən belə nəticəyə gəlmək olar ki, iki dost ölkə arasında əməkdaşlığın miqyası daha da genişlənəcək. Xüsusən, iqtisadi sektorda birgə layihələrə imza atılacaq, ticarət dövriyyəsi artacaq. 

O cümlədən hərbi sahədə əməkdaşlığı mümkün qədər inkişaf etdirmək lazımdır. Azərbaycanın Pakistandan JF-17 qırıcı təyyarələri alması ilə bağlı da xəbərlər yayılmışdı. Yəni iki ölkənin əlaqələri bütün sferalarda yüksək həddə olmalıdır”.