Şübhələr var

"İran rəsmilərinin bəyanatlarında hələ də əlaqələrin normallaşması haqda konkret fikir olmadığı hiss olunur"

Azər Qasımov: "Tehrandan hansı münasibəti görəcəyiksə, qarşılığı o cür olacaq" 

Prezident İlham Əliyevin Aşqabadda İran rəhbəri İbrahim Rəisi ilə görüşündən sonra cənub qonşumuzla münasibətlərin normallaşma mərhələsinə qədəm qoyacağı gözlənilir. Rəsmi Tehrandan da pozitiv açıqlamalar gəlməkdədir. İran parlamentinin üzvü Əhməd Əlireza Beygi deyib ki, Prezident İbrahim Rəisi hökumətinin xarici siyasətə rasional yanaşması və ümumən rəftarın dəyişməsi ilə qonşu ölkələr, xüsusilə, Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafına ümid yaranıb. Onun sözlərinə görə, ölkənin iqtisadi inkişafı üçün vacib strategiyalardan biri qonşu ölkələrlə yaxşı, tarazlı, inkişafda olan əlaqələr, habelə dini, milli-etnik, mədəni və sosial ortaqlıqlar vurğulanmalıdır: 

“İranın bölgədəki coğrafi mövqeyi, Türkiyə və Azərbaycan Respublikası da daxil olmaqla, bütün yaxın ölkələrlə iqtisadi və siyasi əlaqələrə malik olmağımızı bizdən tələb edir. Hər iki tərəfin xalqları və dövlətləri bu əlaqələrdən faydalana bilməlidir”. Beygi İranın qonşu ölkələrlə əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb: “Bu ölkələrlə bir çox ortaq cəhətlər ölkənin diplomatik aparatının daimi diqqətində olmalıdır. Xarici əlaqələrdə simmetriyanın gözlənilməsi mühüm çağırışlardan biridir. Təəssüf ki, əvvəllər bu, qonşu dövlətlərlə müxtəlif gərginliklərlə nəticələnib. Bu baxımdan İran və Azərbaycan Respublikası bir millət və iki dövlətdir. Bu unikal tarixi fürsətdən əlaqələri genişləndirmək üçün ən yaxşı şəkildə istifadə edilməlidir”.

İran-Azərbaycan əlaqələrinin normallaşma ehtimalından danışan politoloq Azər Qasımov “Şərq”ə deyib ki, Azərbaycan öz qonşuları ilə həmişə xoş münasibətlər yaratmaqda maraqlı olub. Rəsmi Bakı hətta Ermənistanla belə normal əlaqələr qurmaqda, münasibətlərdə yeni səhifə açmaqda maraqlı olduğunu dəfələrlə qeyd edir, sülhdən danışır: 

“Hesab edirəm ki, İran dövləti regionda konstruktiv mövqedən çıxış etməkdə maraqlı olmalıdır. İranla yaşanan son gərginlikdən sonra səslənən xoş mesajların səmimiliyinə inanmaq istəyirik. Çünki normal əməkdaşlıq regionun bütün dövlətləri üçün lazımdır. Azərbaycanın İranla hərtərəfli əməkdaşlıq niyyətində olmasına və səmimiliyinə şübhə yoxdur. Azərbaycan İrana qarşı koalisiyalarda, planlarda yer almayıb, qonşu ölkəyə tətbiq olunan sanksiyaların əleyhinə olduğunu söyləyib. Bundan sonrakı münasibət İranın bizə yanaşmasından asılı olacaq. Tehrandan hansı münasibəti görəcəyiksə, qarşılığı o cür olacaq. Hesab edirəm ki, İran dövləti apardığı siyasətin yanlış olduğunu anlayacaq və eyni münasibəti Azərbaycana göstərəcək. Sözün açığı, İran rəsmilərinin bəyanatlarında hələ də əlaqələrin normallaşması haqda konkret fikir olmadığı hiss olunur. Əslində İran dövləti qəti və əmin şəkildə bu haqda danışmalı idilər. Görünür, müəyyən şübhələr qalmaqdadır. Buna baxmayaraq, düşünürəm ki, zamanla ikili əlaqələrdə tərəddüdlər tamamilə aradan qaldırılacaq”.