Soçi və Aşqabad görüşü yeni reallıqlar yaradır

Əlisahib Hüseynov: "Rəsmi Bakının yürütdüyü qarşılıqlı faydalı əməkdaşlıq siyasəti həm İranı, həm də Orta Asiya respublikalarını müştərək layihələrə sövq edir"

Azərbaycanın diplomatik uğurları davam edir. Soçi görüşünün ardınca, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanın paytaxtı Aşqabadda keçirilən 15-ci Zirvə görüşündə əldə etdiyimiz müsbət nəticələr uğurlarımızın davamlı olduğunu təsdiqləyir. Zirvə toplantısı Azərbaycanın öz geo-iqtisadi maraqlarını təmin etmək baxımından, Zəngəzur dəhlizi ilə bağlı həqiqətləri beynəlxalq birliyin diqqətinə çatdırmaq nöqteyi-nəzərindən çox əlverişli və səmərəli platforma oldu. Bu platformada təmsil olunan dövlətlərin Azərbaycanla dostluq, müttəfiqlik nümayiş etdirməsi, 44 günlük müharibə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsinə görə Azərbaycanı təbrik etmələri olduqca təqdirəlayiq hadisədir. Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin bir sıra dövlət başçıları ilə səmərəli işgüzar görüşlərini, o cümlədən Türkmənistan qazının İran üzərindən Azərbaycana daşınmasına dair üçtərəfli sazişin imzalanmasını ayrıca qeyd etmək lazımdır. 
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə deyib ki, dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı həqiqətləri dost ölkələrin diqqətinə çatdırmaqla yanaşı, İranla yaşanan gərginliyi pozitiv münasibətlərə çevirdi. Partiya sədrinin sözlərinə görə, ölkə rəhbəri Aşqabad sammitinin imkanlarından maksimum səmərəli istifadə etdi: “Bu mənada İƏT-in son toplantısı Azərbaycan üçün daha uğurlu nəticələrlə yadda qaldı. Başqa sözlə desək, Azərbaycan Aşqabad görüşünün hərəkətverici və təkanverici qüvvəsi rolunda çıxış etdi. Azərbaycanın mehriban qonşuluq münasibətlərini önə çəkməsi bir çox regional və beynəlxalq miqyaslı layihələr üçün əlverişli zəmin yaradır. Məhz rəsmi Bakının yürütdüyü qarşılıqlı faydalı əməkdaşlıq siyasəti həm İranı, həm də Orta Asiya respublikalarını müştərək layihələrə sövq edir. Eyni zamanda onların Avropanın qaz təminatında, enerji təhlükəsizliyində daha yaxından rol almalarına şərait yaradır. Hazırda Azərbaycan beynəlxalq layihələrə yol açan ölkə kimi diqqət mərkəzindədir. Ölkəmiz hazırda region ölkələri arasında dostluq və əməkdaşlığın açarı, körpüsü rolunu oynayır. Soçi və Aşqabad görüşləri  Azərbaycanın bölgə üçün yeni reallıqların müəllifi kimi imkanlarını bir daha üzə çıxardı”.