Əliyev - Zelenski GÖRÜŞÜ: “Azərbaycanın vasitəçi olmağını istəyirlər”

“Ukrayna-Rusiya münaqişəsinin həll edilməyi üçün masanın dəyişilməsi lazımdır”

“Bu, yalnız Türkiyə və Azərbaycanın quracağı masa ilə həll edilə bilər”

“Ən azından müəyyən irəliləyişin olması mümkündür”

Dekabrın 15-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü olub. Danışıqlar zamanı hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olunub. Biznes dairələrinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, xüsusilə enerji sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Volodimir Zelenski İlham Əliyevi Ukraynaya səfərə dəvət edib. O, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədiyinə görə İlham Əliyevə təşəkkür edib.

MDB məkanında Azərbaycanın əsas strateji müttəfiqlərindən biri Ukraynadır. Azərbaycanla Ukrayna arasında dəniz və quru sərhədlərin olmamasına baxmayaraq, iki ölkə arasındakı strateji müttəfiqlik münasibətləri durmadan möhkəmlənir və genişlənir. Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 31 yanvar 1992-ci ildə qurulub. 

Liderlərin Brüssel görüşünü şərh edən siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a bildirib ki, Zelenski Ukrayna-Rusiya münaqişəsinin həll edilməsində Azərbaycanın vasitəçi olmağını istəyir:

“Əvvəl qeyd edim ki, Ukrayna ilə Azərbaycan arasında kifayət qədər yaxşı münasibətlər var. Brüsseldə Şərq Tərəfdaşlığı çərçivəsində iki ölkə başçısının görüşməsi təbiidir. Rəsmi Kiyev rəsmi Moskva ilə arasındakı münaqişəyə son qoymaq üçün ciddi addımlar atır. Rəsmi Ankara bəyan edib ki, bu münaqişənin həllində vasitəçi olmaq istəyir. Növbəti ilin əvvəlində Ərdoğanın Ukraynaya səfərində bu məsələnin müzakirə ediləcəyi gözlənilir. Zelenski - Əliyev görüşündə Bakı və Ankaranın Ukrayna-Rusiya münaqişəsində vasitəçi olmağı məsələsinin müzakirə edildiyi güman edilir. Görüşdə münaqişənin həlli üçün Azərbaycan liderindən kömək istənilə biləcəyi ehtimal edilir. Həmçinin Zelenski Azərbaycanın Rusiya tərəfindən saxlanılan Ukrayna hərbçilərinin qaytarılmasında vasitəçi olmağını istəyir. Azərbaycan humanitar məsələlərin həllində də vasitəçilik edə bilər. Rəsmi Bakı Moskva ilə daha yaxşı təmaslar qura bilər. Fikrimcə, Azərbaycan tərəfi bu məsələni Rusiyaya çatdıracaq”.

Ekspert diqqətə çatdırıb ki, illər əvvəl münaqişənin həlli üçün Qərb-Ukrayna-Rusiya masası yaradılıb:

“Lakin bu heç bir effekt vermədi. Ukrayna da bunu anlayır. Rusiya da maraqları çərçivəsində münaqişənin həll edilməsini istəyir. Ukrayna-Rusiya münaqişəsinin həll edilməyi üçün masanın dəyişilməsi lazımdır. Bu, yalnız Türkiyə və Azərbaycanın quracağı masa ilə həll edilə bilər. Ən azından müəyyən irəliləyişin olması mümkündür”.

Xanlar ƏLİBƏY