Rusiya bu dəfə Sankt-Peterburqda vasitəçilik edəcək


MDB dövlət başçılarının sammiti çərçivəsində Azərbaycan-Ermənistan liderlərinin görüşü realdır

Dekabrın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib və zirvə görüşünə hazırlıq getdiyini bildirib. Ehtimal edilir ki, Peterburqda Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin qeyri-rəsmi növbəti görüşü keçirilə bilər. 

Bəzi iddialara əsasən, Peterburq görüşündə tərəflər arasında razılaşmaların yerinə yetirilməsi və sərhədlərin delimitasiyası müzakirə ediləcək. Həmçinin, Putin Qərbə mesaj verəcək və s. Amma görüşdə əlavə anlaşma olacağı, ciddi müzakirələrin aparılacağı istisna edilir. 

Siyasi şərhçi Tural İsmayılov da hesab edir ki, il yekunlaşana kimi Azərbaycan-Ermənistan rəhbərlərinin növbəti görüşü mümkündür. Ekspert dekabr ayı ərzində Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında üçüncü təmasın olacağını istisna etmir: 

“Rusiya Prezidenti Vladimir Putin Soçidə saziş imzalanarkən ilin sonuna, yaxud gələn ilin əvvəlinədək sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı işlərin görüləcəyini vurğulamışdı. Sərhədlərin müəyyənləşməsi və dəhlizlə bağlı məqamlar fonunda Rusiyanın vasitəçiliyi ilə Sankt-Peterburqda görüş keçirilə bilər. Nəzərə alaq ki, söhbət MBD dövlət başçılarının sammitindən gedir. Deməli, sammit çərçivəsində üzv dövlətlərin ikitərəfli görüşləri də təbii və mümkündür. 

Ümumən, MDB üzvlərinə Azərbaycan-Ermənistan arasındakı danışıqların nəticəsi ilə bağlı məlumat verilə bilər. Yaxın dönəmdə hansı işlərin görüləcəyi və konkret planlarla bağlı detallar məlum olar. Bu baxımdan düşünürəm ki, MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü xüsusi əhəmiyyətə malikdir. 

Zirvə görüşü təkcə Azərbaycan-Ermənistan danışıqları ilə bağlı deyil, bütövlükdə quruma üzv ölkələr adına yeni siyasi-iqtisadi layihələrin imzalanması ilə yadda qalacaq”.